Vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində Sumqayıt şəhərinin qəsəbələrində və yeni yaşayış massivlərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən şəhər ərazisində kompleks tədbirlərin icrası davam etdirilir.
Ölkə başçısının müvafiq sərəncamına əsasən, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,4 milyon (altı milyon dörd yüz min) manat ayrılıb.
Layihə çərçivəsində agentlik tərəfindən 135 min nəfər əhalinin yaşadığı Sumqayıt şəhərinin Corat, Hacı Zeynalabdin Tağıyev qəsəbələrində, 21-ci mikrorayon ərazisində, həmçinin “Yaşıl Dərə, “Qurd Dərəsi”, “Xəzər Bağları” yaşayış massivlərində və 5 məhəllədə ümumi uzunluğu 21.4 kilometr olan küçə və yolların təmirinin həyata keçirilməsi nəzərdə tutulurdu ki, artıq bu istiqamətdə işlərə başlanılıb. Ümumilikdə təmir işlərinin ümumilikdə əhatə edəcəyi sahə 150 min kv.m-dir.
Əsaslı təmir işləri əsasən uzun müddət istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılır.
Dövlət başçısının imzaladığı sərəncama əsasən hazırlanan layihələrə uyğun olaraq hazırda 18-21-ci məhəllələrinin daxili yollarında və 21-ci mikrorayon ərazisində yerləşən küçələrdə təmir-tikinti işləri həyata keçirilir. Sözügedən ərazilərdə aparılan əsaslı təmir işləri 5.8 km uzunluğa malik küçə və yolları əhatə edir. Aparılan işlərin sahəsi isə 40 min kv.m-dir.
Ümumilikdə aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir, yeni yol yatağı və yol əsası inşa edilir. Daha sonra isə yeni asfalt-beton örtüyünün döşənməsi icra olunur.
Yaxın günlərdə təmir-tikinti işlərinə Corat qəsəbəsinin 3.6 km uzunluğa malik küçələrində başlanılması nəzərdə tutulur. Qəsəbədə təmir işlərinin aparılacağı ümumi sahə 25 min kv.m-ə yaxındır.
Sərəncama əsasən, işlərin yekunlaşması ardıcıllığına uyğun olaraq Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin, “Yaşıl Dərə, “Qurd Dərəsi” və “Xəzər Bağları” yaşayış massivlərində, həmçinin “Kotec” məhəlləsinin 12 km uzunluğa malik küçə və daxili yollarında da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur. Təmir işlərinin aparılacağı sahə 85 min kv.m-dir.
Sumqayıt şəhəri üzrə qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq ayrılmış vəsait hesabına aparılır. Növbəti mərhələlərdə sərəncam və investisiya proqramı ilə ayrılacaq vəsaitə uyğun, agentlik tərəfindən şəhər üzrə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılan işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altındadır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.