Avtomobil tunellərində əlavə işıqlandırma sistemləri qurulub

13 May 2020- 12:29
11 Avtomobil tunellərində əlavə işıqlandırma sistemləri qurulub

Avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədi ilə aparılan kompleks tədbirlər çərçivəsində paytaxtın ən böyük tunellərindən biri olan Ziya Bünyadov prospektinin “Xutor” dairəsi adlanan ərazidən keçən hissəsində yerləşən çox istiqamətli avtomobil tunellərində əlavə işıqlandırma sistemləri qurulub.

 

Məqsəd sürücülərin istər gündüz vaxtı tunellərə daxil olarkən, istərsə də sutkanın qaranlıq saatlarında sözügedən tunellərdə hərəkəti zamanı hərəkət hissəsini daha aydın şəkildə görməsinə şərait yaratmaq, yarana biləcək yol-nəqliyyat hadisələrinin qarşısını almaqla hərəkətin təhlükəsizliyini təmin etməkdir.

 

Yeni işıqlandırma sistemi avtomobil tunellərinin yan divarları boyunca quraşdırılıb. 

    

Anar Nəcəfli

AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi:

“Uzunluğu o qədər də böyük olmayan avtomobil tunellərində giriş və çıxış hissələr vizual olaraq göründüyü üçün sürücülərin işıqlı, əsasən də günəşli havadan bu cür tunellərə daxil olarkən görmə məhdudiyyəti yaranmır. Lakin daha uzun avtomobil tunellərində sürücülər belə bir problemlə qarşılaşa bilərlər. Məhz bunu nəzərə alaraq agentliyimiz tərəfindən paytaxtın ən böyük tunellərindən birində əlavə işıqlandırma sistemləri quraşdırıb. Artıq sözügedən ərazidə həm gündüz, həm də sutkanın qaranlıq saatlarında avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti təmin edilib.”

 

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi avtonəqliyyat vasitələrinin tunellərdə rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədi ilə mütamadi olaraq işlər aparır. Bu çərçivədə avtomobil tunellərində mövcud işıqlandırma sistemində yaranan problemlər qısa zaman kəsiyində aradan qaldırılır, əlavə işıqlandırma sistemləri qurulur, istiqamətverici və yolgöstərici nişan və yol elementlərinin işıq qayatarıcılığı bərpa olunur.