Cəbhəyanı kəndlərin sosial problemlərinin həlli istiqamətində dövlət başçısınının tapşırıq və sərəncamları ilə müxtəlif infrastruktur layihələri həyata keçirilir. Avtomobil yolarının yenidən qurulması dövlət siyasətinin əsas prioriteti hesab olunur. Məhz bunun nəticəsidir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmas xəttində yerləşən yaşayış məntəqələrinə gedən yolların əsaslı şəkildə yenidən qurulması davam etdirilir.
Tərtər rayonunda cari ildə 10 cəbhəyanı kəndi birləşdirən yolun əsaslı şəkildə bərpası istiqamətdə dövlət başçısının tapşırıq və sərəncamına əsasən, yenidən qurulması yüksək keyfiyyətlə və sürətlə davam etdirilir. Bu IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan və uzunluğu 33.5 km olan yerli əhəmiyyətli Səhləbad-Əskipara-Qaraağacı-Yuxarı Qaradağlı-Qapanlı-Qaynaq-Yuxarı Qapanlı-Qazyan-Təzəkənd-Hüsənli avtomobil yoludur.
Yerli əhəmiyyətli Səhləbad-Əskipara-Qaraağacı-Yuxarı Qaradağlı-Qapanlı-Qaynaq-Yuxarı Qapanlı-Qazyan-Təzəkənd-Hüsənli avtomobil yolu torpaq və çınqıl örtüklü olması sözügedən yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsini xeyli çətinləşdirirdi, əhalinin rahat gediş-gəlişinə maneə yaradırdı. Bu üzdən sözügedən yol ölkə rəhbərliyinin tapşırığı ilə respublikada bu il təmir və tikintisinə ehtiyac olan yolların siyahısına daxil edildi. Yerli əhəmiyyətli avtomobil yolu bir müddətdir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən texnoloji ardıcıllığa uyğun olaraq 2 hərəkət zolağı enində IV texniki dərəcəyə uyğun yenidən qurulur.
Layihəyə uyğun olaraq yolun torpaq yatağının bərpası üçün yararsız qrunt müxtəlif dərinliklərdə qazılaraq çıxarılıb, əvəzinə çınqıl qruntu tökülərək kipləşdirilib. Yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılıb, yolun genişləndirilməsi işləri aparılıb. Bundan başqa torpaq yatağı hazır olan hissələrdə yeni yol əsası inşa edilib. Yol əsasının alt layının tikintisi optimal qırmadaş, üst layının tikintisi isə qum-çınqıl qarışığı ilə aparılıb.
Avtomobil yolunun altından suların ötürülməsini təmin etmək məqsədi ilə mövcud boruların yeniləri ilə əvəz olunması, zəruri yerlərdə yenilərinin inşa edilməsi layihədə nəzərdə tutulan işlərdəndir. Bu məqsədlə 2 yerdə düzbucaqlı su keçidlərinin, müxtəlif diametrli dəmir-beton su ötürücü boruların tikintisi işləri də aparılıb.
Bu işlərin ardınca “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yolun asfaltlanması işlərinə başlanılıb. Bunun üçün təqribən 200 min kv.m sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir, yolun çiyin hissələri optimal-çınqıl materialı ilə bərkidilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə icra olunan layihənin sonuncu mərhələsində yol boyu zəruri yerlərdə avtobus dayanacaqları, yol nişanı, km göstəricisi və siqnal dirəkləri quraşdırılacaq, hərəkətin normal təşkili üçün üfüqi nişanlama xətləri çəkiləcək.
Son dövrlərdə cəbhəyanı yaşayış məntəqələrini birləşdirən yolların inşası, müasir tələblər səviyyəsində yenidən qurulması ümumilikdə, ölkəmizin iqtisadi potensialını artırır. Belə ki, bu cür yolların yenidən qurulması vətəndaşlarımızın birbaşa olaraq sosial rifah halına müsbət təsir göstərməklə, avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradır, yük və sərnişin daşımasını asanlaşdırır, kənd təsərrüfatının inkişafına təkan verir, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradır.