Dövlət başçısının regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində verdiyi tapşırıq və sərəncamlarına əsasən ölkədə yol infrastrukturunun yenidən qurulması istiqamətində əsaslı islahatlar aparılır. Çünki Azərbaycanda icra edilən sosialyönümlü siyasətin tərkib hissələrindən biri də məhz avtomobil yolu layihələrinin icrasıdır və bununla bağlı uğurlu layihələr hər bir bölgəni, rayonu və kəndi əhatə edir.
Zərdab rayonunda bu il 7 km uzunluğunda yerli əhəmiyyətli avtomobil yolunun yenidən qurulması işləri yüksək sürətlə və keyfiyyətlə davam etdirilir.
Bu respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun 32-ci km-dən ayrılan və 7 km uzunluğa malik Gəlmə-Əlibəyli-Allahqulubağı avtomobil yoludur. Sözügedən avtomobil yolu IV texniki dərəcəlidir və 3 kəndin 4 mindən artıq əhalisinin rayon mərkəzinə və qonşu rayonlara çıxışını təmin edir.
Uzun müddətli istismar nəticəsində yol örtüyü tamamilə sıradan çıxıb, yol əsasında çoxlu sayda çökmələr, çalalar əmələ gəlib, bəzi hissələrində torpaq yatağının genişləndirilməsinə ehtiyac var. Təbii ki, yolun bu vəziyyətdə olması gediş-gəlişi çətinləşdirməklə yanaşı, yol boyu kənd təsərrüfatının inkişafına da mənfi təsir göstərirdi.
Hazırda yol boyu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən kompleks təmir-tikinti işləri yuxarıda sadalanan problemlərin birdəfəlik həllinə gətirib çıxaracaq. Çünki torpaq yatağının deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, yolun qazılmış və relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün tələb olunan qalınlıqda yararlı qrunt tökülərək yayılıb və kipləşdirilib. Torpaq işləri 70 min kv.m sahəni əhatə edib.
Bu işlərin ardınca “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yol əsasının inşası həyata keçirilib. Yol əsasının inşası üçün qum-çınqıl və optimal-qırmadaş qarışığından istifadə olunub. Yolun çiyin hissələri də dağıldığından çiyinlərin 12 sm qalınlığında optimal qum-çınqıl qarışığı ilə bərkidilməsi işləri aparılacaq.
Yol boyu suötürücü qurğular tamamilə sıradan çıxdığı üçün suların normal ötürülməsini təmin etmək məqsədi ilə müxtəlif diametrlərə malik yeni suötürücü borular quraşdırılıb və izolyasiyası işləri aparılıb.
Tikinti layihəsinə uyğun olaraq, növbəti mərhələlərdə yolun 40 min kv.m sahəsinə əlaqələndirici bitum səpilməklə 2 laydan ibarət və 12 sm qalınlıqda asfalt-beton örtüyünün döşənməsi işlərinə start verilib. Yeni örtüyün salınması işləri yaxın müddət ərzində tam olaraq yekunlaşdırılacaq. Bunun ardınca zəruri olan yerdə avtobus dayanacağının tikintisi, siqnal dirəyinin, yol nişanı və məlumatverici lövhənin quraşdırılması, yol boyu xətlənmə işlərinin aparılması nəzərdə tutulub.
Zərdab rayonunun Gəlmə-Əlibəyli-Allahqulubağı avtomobil yolunun yenidən qurulması yol boyu yaşayan əhalinin respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yoluna çıxışını təmin etməklə istər rayon mərkəzinə, istərsə də qonşu rayonlara rahat gediş-gəlişinə şərait yaradacaq, avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yük və sərnişin daşımasını asanlaşdıracaq. Bundan başqa kənd təsərrüfatının inkişafına təkan verməklə məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradacaq.