"Bibiheybət yolu"nda tikinti-bərpa işləri yekunlaşıb

24 İyun 2020- 10:05
11

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bibiheybət məscidi istiqamətində olan yolda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan tikinti-bərpa işləri yekunlaşıb.

 

Tikinti-bərpa işləri sözügedən ərazidə aparılan geoloji-kəşfiyyat işlərinin hesabatına uyğun Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və xarici mütəxəssislərin iştirakı ilə hazırlanmış layihə əsasında aparılıb.

 

Sözügedən layihəyə uyğun olaraq artıq yamacın aşağı hissəsində svay əsaslı istinad divarının inşası yekunlaşdırılıb. Bunun üçün ərazidə svay vurma işləri aparılıb. Svaylar 1 metr diametrində olmaqla 2 cərgə vurulub və üzərində 1.5 metr qalınlıqda monolit dəmir-beton tava inşa edilib. Tava üzərində 8 metr hündürlükdə istinad divarı tikilib.

 

Anoloji işlər yamacın üst hissəsində də aparılıb. Burda da svay əsaslı istinad divarı inşa edilib. Qeyd olunan işlərlə yanaşı yamacın aşağısında olan mövcud istinad divarlarının əlavə bərkidilməsi üçün də svay vurma işləri görülüb.

 

Bundan başqa ərazidə yağış və qrunt sularının ərazidən kənarlaşdırılması üçün dəmir-beton küvetlər inşa edilib, yeni drenaj və yağış-kanalizasiya sistemi yaradılıb, istinad divarında su axınını təmin etmək üçün eninə istiqamətdə borular atılıb.

 

Tikinti-bərpa işlərinin sonuncu mərhələsi üzrə yolun hərəkət hissəsinin tam bərpası istiqamətində addımlar atılıb. Bu məqsədlə yamacın doldurulması üçün əraziyə qrunt gətirilərək dolğu işləri görülüb, yeni yol yatağı inşa olunub. Ardınca yol əsası inşa edilərək asfaltlanma işləri həyata keçirilib. Əraziyə 3 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.

 

Avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün zəruri olan yerlərdə yeni yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər çəkilib.