Muğanlı-İsmayıllı-Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib

29 İyul 2020- 11:47
11 Muğanlı-İsmayıllı-Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib

İyulun 29-da İsmayıllı rayonunda Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yolun açılışında iştirak edib.

 

Dövlətimizin başçısına məlumat verildi ki, 3,8 milyon manat investisiya xərci hesabına tikilmiş 8 kilometrlik yol 2 min 800 nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirir. Yolboyu bütün lazımi infrastruktur qurulub. Bu yolun tikintisi həmin kəndlərdə yaşayan əhalinin mənzil başına tez və rahat çatmasına, həmçinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının vaxtında bazarlara və digər satış məntəqələrinə çatdırılmasına əlverişli şərait yaradacaq.

Sonra dövlətimizin başçısına Quşencə-Zoğallıq avtomobil yolunun tikinti layihəsi təqdim olundu.

 

Bildirildi ki, üç min nəfər əhalinin yaşadığı iki yaşayış məntəqəsini birləşdirən bu yolun tikintisi məqsədilə Azərbaycan Prezidentinin 2019-cu il 25 iyun tarixli Sərəncamına əsasən, 2,9 milyon manat vəsait ayrılıb və tikinti işləri başa çatıb. Uzunluğu yeddi kilometr olan bu yol yaşayış məntəqələri arasında və rayon mərkəzinə gediş-gəlişi xeyli asanlaşdırıb.

 

Prezident İlham Əliyevə bütövlükdə ölkə üzrə kənd yollarının tikintisi vəziyyəti barədə də məlumat verildi.