Suraxanı rayonunda təmirə ehtiyacı olan 18 km yol yenidən qurulur

10 Avqust 2020- 12:09
11 Suraxanı rayonunda təmirə ehtiyacı olan 18 km yol yenidən qurulur

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 2020-ci ilin investisiya proqramına uyğun olaraq Suraxanı rayonu Əmircan və Hövsan qəsəbələri üzrə təmirə ehtiyacı olan daha 18 km uzunluğa malik küçə və yollarda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.

 

Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılır, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülür, küçələr profilə salınır, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilir, küçələr boyu mövcud piyada səkiləri bərpa olunur, zəruri yerlərdə yeniləri inşa edilir, kənarlarına yeni səki daşları düzülür və bunun ardınca asfaltlanma işləri aparılmaqla yeni infrastruktur yaradılır.

 

Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi investisiya proqramına uyğun olaraq ayrılmış vəsait hesabına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılır.

 

Proqrama uyğun olaraq ayrılmış vəsait hesabına, sözügedən rayonun Əmircan qəsəbəsində 6 km uzunluğa malik Üzeyir hacıbəyov, Qulu Quliyev, Elxan Həsənov, Park, Tahir Bağırov, Vladimir Balandin, Mirzə Fətəli Axundov və Malik Mustafayev küçələrində, Hövsan qəsəbəsində isə ümumi uzunluğu 5 km olan Oqtay Şabanov, İlqar Əhlimanov, İbiş Məmmədov, Rasim Şahsuvarov, Sahil, Bağça küçələri və Məktəbli küçəsindən qəbirstanlığa gedən yolda yenidənqurma işlərinin aparılması nəzərdə tutulur ki, bu istiqamətdə artıq işlərin bir hissəsi yerinə yetirilib.

 

Belə ki, sözügedən layihə çərçivəsində Əmircan qəsəbəsində Vladimir Balandin, Malik Mustafayevvə Park küçələri müasir səviyyədə təmir olunaraq vətəndaşların istifadəsinə verilib.

 

Yenidənqurma işləri zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanaliasiya sistemi bərpa olunub, yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub. Küçələrə yeni asfalt-beton örütüyü döşənib.

Hazırda sözügedən qəsəbə üzrə anoloji təmir-bərpa işləri Elxan Həsənov və Tahir Bağırov küçələrində davam etdirilir. Artıq bu küçələrin bir hissəsində də işlər yekunlaşdırılıb.

İnvestisiya proqramına uyğun olaraq Hövsan qəsəbəsində isə İbiş Məmmədov küçəsinin təmiri yekunlaşıb, Oqtay Şabanov və Bağça küçələrində isə təmir-bərpa işləri agentlik tərəfindən davam etdirilir.

 

Aparılan yenidənqurma işlərinin yekunlaşması ardıcıllığına uyğun olaraq, cari ilin investisiya proqramında adı çəkilən qəsəbələrin əsaslı təmiri nəzərdə tutulan digər küçə və yollarında, həmçinin 7 km-lik Zığ-Hövsan avtomobil yolunda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulub.

 

Qeyd edək ki, prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2019-cu ildə və 2020-ci ilin 6 ayı ərzində Suraxanı rayonunda ümumi uzunluğu 46 000 metr olan 50-dən çox küçə və yola asfalt-beton örtüyü döşənib.