Quba rayonunun Susay–Xınalıq avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

14 Sentyabr 2020- 14:28
11 Quba rayonunun Susay–Xınalıq avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 

1. Səkkiz min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Susay–Xınalıq avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 20,1 milyon (iyirmi milyon bir yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

 

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. 

 

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham Əliyev

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 sentyabr 2020-ci il.