BÜTÜN YOLLAR QARABAĞA APARIR...
Dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, beynəlxalq əhəmiyyətli yolların inşası ilə yanaşı, yeni kənd yollarının çəkilməsi, mövcud yolların yenidən qurularaq müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm layihələr icra olunur. Ağsu rayonunun Ağsu-Ağarx-Rəhimli-Qaradağ marşrutu üzrə 9 yaşayış məntəqəsinə gedən avtomobil yollarının yenidən qurulması da bu tədbirlər sırasındandır.
Başlanğıcını Ağsu şəhərindən götürən Ağsu-Ağarx-Rəhimli-Qaradağ avtomobil yolunun ümumi uzunluğu 39 km-dir. Yolun Ağsu-Qaradağ hissəsi 20.3 km, bu yoldan ayrılan və Qaradağlı, Rəhimli, Şahbəyli, Qarabağlı, Bozovand, Ağarx, Parakənd, Maşadqanlı, Ülgüc kəndlərinin giriş yolları isə 18.7 km təşkil edir.
Avtomobil yolları uzun müddət əsaslı təmir olunmadığından yararsız vəziyyətdə idi. Bu üzdən nəqliyyat vasitələrinin intensiv hərəkəti, inzibati əhəmiyyəti və perspektiv inkişafı nəzərə alınaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən yollar əsaslı şəkildə yenidən qurulub.
Yenidənqurma işləri çərçivəsində yararsız örtük mexanizmlə sökülüb, torpaq yatağının yararsız hissələri ekskovatorla qazılıb çıxarılıb və ərazidən daşınıb, torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq inşası, qazılmış hissələrin yenidən bərpası və yolun normativ eninin alınması üçün genişləndirmə işlər görülüb.
Torpaq işlərinə paralel olaraq yol boyu uzunluğu 14.2 m, eni isə 5.8 m olan mövcud körpünün hərəkət hissəsi təmir edilib, məhəccərlər yenisi ilə əvəz edilib, həmçinin 1 nöqtədə 10 metr uzunluğunda dördbucaqlı su keçidi, mövcud suötürücü borular və boruların başlıq hissələri dağıldığı üçün 193 nöqtədə yeni suötürücü borular inşa edilib.
Bunun ardınca “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, avtomobil yollarına 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Bunun üçün iri və xırda dənəli asfalt-beton qarışıqlarından istifadə olunub.
Bundan başqa layihəsi çərçivəsində avtobus dayanacaqları, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təşkili üçün zəruri yerdə ikitərəfli əyrixətli tirlər, məlumatverici lövhələr, 130 yol nişanı və 540 siqnal dirəyi quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilib
Ağsu rayonunun Ağsu-Ağarx-Rəhimli-Qaradağ marşrutu üzrə 9 yaşayış məntəqəsinə gedən avtomobil yollarının yenidən qurulması yol boyu yaşayan minlərlə vətəndaşın rayon mərkəzinə rahat gediş-gəlişini təmin etməklə sözügedən kəndlər arasında nəqliyyat əlaqəsini xeyli yaxşılaşdıracaq, eyni zamanda kənd təsərrüfatı və turizmin inkişafına gətirib çıxarmaqla yol boyu yaşayan əhalinin sosial rifah halına müsbət təsir etmiş olacaq.