M1 magistralının 16-30-cu km-lik hissəsində təmir-bərpa işləri davam etdirilir

26 Oktyabr 2020- 12:22
11 M1 magistralının 16-30-cu km-lik hissəsində təmir-bərpa işləri davam etdirilir

Avtomobil yollarının təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 16-cı kilometrindən (VAZ dairəsi) 30-cu kilometrinədək (Sumqayıt) olan 14 km hissəsində təmir-bərpa işləri sürətlə davam etdirilir.

 

Təmir-bərpa işləri zamanı yol örtüyünün aşınma qatı frezlənərək kənara daşınır, örtüyün deformasiyaya uğramış hissələri xüsusi texnika vasitəsi ilə sökülərək qaldırılır, yatağın yararsız qruntu qazılaraq çıxarılır, əks-dolğu işləri görülür və yol yatağı yenidən tikilir. Ardınca yeni yol əsası inşa edilir və hamarlayıcı lay asfalt-beton örtüyü döşənir.

 

Bunun ardınca frezlənmiş və hamarlayıcı lay döşənmiş ərazilər iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-betonla örtülür. Artıq Sumqayıtdan Ceyranbatan qəsəbəsinədək 5.5 km-li ərazi asfaltlanıb. Ceyranbatandan VAZ dairəsi istiqamətində 3 km-lik ərazidə isə hazırda qazma-dolma işləri görülür, yeni yol yatağı və yol əsası inşa edilir. Yenidənqurma işlərinin aparıldığı ərazinin uzunluğu hazırda 9 km təşkil edir.  

 

Bundan başqa magistralın təmir-bərpa işləri aparılan 14 km-lik hissəsinin yol ayrıcında quraşdırılmış əyri xətli dəmir tirlər sökülərək, beton arakəsmələrlə əvəzlənəcək.

 

Vətəndaşların rahat gediş-gəlinin təmin olunması istiqamətində aparılan işlər zamanı Sumqayıtdan VAZ dairəsi istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır. Məhdudlaşma tədbirlərinə 29 sentyabr tarixindən başlanılıb.

 

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və təmir-tikinti aparılan ərazilərdə sıxlıq yaşanmasın deyə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə ertmələri tövsiyyə olunur. Alternativ olaraq sürücülər Sumqayıt-Novxanı və Sumqayıt-Saray avtomobil yollarından istifadə edə bilərlər.

 

Bütün işlər mövcud “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. Tərtib olunmuş qrafikə uyğun olaraq işlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

 

BÜTÜN YOLLAR QARABAĞA APARIR...