Ölkə başçısı İlham Əliyevin göstərişinə əsasən “Azəryolservis” ASC tərəfindən piyadaların və nəqliyyat vasitələrinin rahat, maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə kompleks tədbirlər həyata keçirilir və bu istiqamətdə işlər uğurla, yüksək keyfiyyətlə davam etdirilir. Kompleks tədbirlər çərçivəsində Binəqədi rayonu Süleyman Sani Axundov küçəsinin Abay Kunanbayev küçəsi ilə kəsişməsindən Mərkəzi Seçki Komissiyasının binasının qarşısınadək olah hissəsində, Əhməd Rəcəbli küçəsinin isə Cəfər Xəndan və Süleyman Sani Axundov küçələri arasındakı olan hissəsində təmir-tikinti işləri aparılır.
İşlər “Azəryolservis” ASC rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə və tərtib olunmuş qrafikə uyğun aparılır. Təmir işləri aparılan müddətdə sözügedən küçələr hissə-hissə nəqliyyat vasitələrinin hərəkəti üçün müvəqqəti olaraq bağlanır. Bu üzdən “Azəryolservis” ASC yaranmış müvəqqəti narahatçılığa görə üzr istəyir və sürücüləri görülən işlərə anlayışla yanaşmalarına çağırır.
Süleyman Sani Axundov küçəsinin təmir aparılan hissəsinin uzunluğu 1120 metrdir, yolun hərəkət hissəsinin eni isə ortalama 13,5 metrdir. Burda uzun müddətdir ki, təmir işləri aparılmadığına görə, yolun hərəkət hissəsi sıradan çıxmış vəziyyətdə idi. Bu isə həm nəqliyyat vasitələrinin, həm də piyadaların rahat və maneəsiz şəkildə hərəkətində çətinlik yaradırdı. Məhz bütün bunlar nəzərə alınaraq sözügedən küçədə təmir işlərinə start verilib.
Təmir işləri zamanı köhnə asfalt örtüyünün üst qatı qaşınıb, əvəzinə yeni asfalt-beton örtüyü döşənir. Ümumilikdə 14500 kvadrat metr sahəyə yeni asfalt beton örtüyünün döşənməsi planlaşdırılır. Bundan başqa təmir-tikinti işləri zamanı zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulan yağış barmaqlıqları də dəyişdirilıb, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib.
Anoloji işlər Əhməd Rəcəbli küçəsinin Cəfər Xəndan və Süleyman Sani Axundov küçələri arasındakı olan hissəsində də aparılır. Burda təmir olunan ərazinin uzunluğu 522 metr, yolun hərəkət hissəsinin eni isə ortalama 13 metrdir. Təmir-tikinti işləri çərçivəsində sözügedən küçənin 6700 kvadrat metr sahəsinə yeni yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.
Təmir-tikinti işlərinin yaxın günlər ərzində yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə “Azəryolservis” ASC tərəfindən lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.