2015-ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı iclas keçirilib - VİDEOREPORTAJ

4 Fevral 2016- 00:00
11 2015-ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı iclas keçirilib - VİDEOREPORTAJ

 

          “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətində 2015-ci ilin yekunlarına və 2016-cı il qarşıda duran vəzifələrin icrasına həsr olunan iclas keçirilib.

 

         İclas iştirakçıları ilk öncə Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.

 

         Daha sonra cəmiyyətin akt zalında keçirilən iclası giriş nitqi ilə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov açıb.

 

         Cəmiyyətin sədri Saleh Məmmədov son bir il ərzində yol infrastrukturun müasirləşdirilməsi, hərtərəfli inkişafı üçün çox böyük işlər görüldüyünü və hazırda da bu işlərin uğurla davam etdirildiyini bildirib.

          Bu istiqamətdə ölkə başçısı İlham Əliyev tərəfindən təsdiq olunan “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı” və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqram”ları çərçivəsində “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən görülən işlər xüsusi əhəmiyyət kəsb edir.

 

         Vurğulanıb ki, son illər sözügedən Dövlət Proqramları çərçivəsində respublikanın bütün bölgələrində irimiqyaslı layihələr həyata keçirilib, dünya standartlarına cavab verən yeni yollar çəkilib, yol ötürücüləri, körpülər, yeraltı və yerüstü piyada keçidləri tikilib. Bu çərçivədə kənd yollarının yenidənqurulması da xüsusi əhəmiyyət kəsb edir.

 

         İclasda qeyd olunub ki, 2015-ci il ərzində 524,4 km uzunluğunda ümumi istifadədə olan yeni avtomobil yolları tikilib, yenidən qurulub, təmir olunub, 12 ədəd yeni avtomobil körpüsü tikilib, 2 ədədi  təmir edilib, 2 ədəd tunel və 7 ədəd piyada keçidi istismara verilib. O cümlədən, regionlar üzrə ümumi istifadədə olan 213,3 km respublika əhəmiyyətli, 167,5 km yerli əhəmiyyətli olmaqla 380,8 km uzunluğunda avtomobil yolu tikilib,  yenidən qurulub, təmir olunub.

 

         Bakı şəhəri üzrə isə 144,1 km uzunluğunda avtomobil yolu, prospekt və küçə tikilib, yenidən qurulub, təmir olunub, 3 ədəd yol ötürücüsü, 2 ədəd tunel, 9 ədəd piyada keçidi istismara verilib. Bu dövr ərzində ümumilikdə 702,1 min ton asfalt-beton istehsal edilib, 38,6 min ton bitum və 2 508 ton mazut istifadə edilib.

 

      Bundan başqa 2015-ci il ərzində 112,1 km təşkil edən 42 adda küçə və prospektdə  təqribən 440 min m2 sahədə əsaslı təmir və yenidənqurma işləri aparılıb. Göstərilən dövr ərzində Bakı şəhərinin 12 inzibati rayonu ərazisində 100 min m2- dən artıq sahədə çala təmiri işləri yerinə yetirilib.

          “Azəryolservis” ASC-nin sədri Saleh Məmmədov Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda prezident İlham Əliyevin regionlarda nəzərdə tutulan bütün infrastruktur layihələrin icra edilməsinin, xüsusən də kənd yollarının tikintisinin sürətləndirilməsinin vacibliyi barədə səsləndirdiyi tövsiyyə və tapşırıqlarına əsasən 2016-cı ildə də genişmiqyaslı işlərin aparılacağını qeyd edib. Bununla bağlı olaraq Cəmiyyət sədri tərəfindən müvafiq idarə və şöbələrin rəhbərlərinə göstərişlər verilib.

 

         Sonda “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətində uzunmüddətli, səmərəli əmək fəaliyyətini nəzərə alaraq bəzi əməkdaşlara mükafatlar təqdim edilib.

 

  XƏBƏRƏ AİD FOTOLAR