M1 magistralının 16-30-cu km-lik hissəsində təmir-bərpa işlərinin 1-ci hissəsi bitir

28 Yanvar 2021- 16:36
11 M1 magistralının 16-30-cu km-lik hissəsində təmir-bərpa işlərinin 1-ci hissəsi bitir

Avtomobil yollarının təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 16-cı kilometrindən (VAZ dairəsi) 30-cu kilometrinədək (Sumqayıt) olan 14 km hissəsində təmir-bərpa işləri sürətlə davam etdirilir.

 

Təmir-bərpa işləri zamanı yol örtüyünün aşınma qatı frezlənərək kənara daşınır, örtüyün deformasiyaya uğramış hissələri xüsusi texnika vasitəsi ilə sökülərək qaldırılır, yatağın yararsız qruntu qazılaraq çıxarılır, əks-dolğu işləri görülür və yol yatağı yenidən tikilir. Ardınca yeni yol əsası inşa edilir və hamarlayıcı lay asfalt-beton örtüyü döşənir.

 

Bunun ardınca frezlənmiş və hamarlayıcı lay döşənmiş ərazilər iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-betonla örtülür. Artıq Sumqayıtdan Ceyranbatan qəsəbəsini keçməklə “VAZ dairəsi” deyilən ərazi istiqamətində 11.5 km yolda qeyd olunan işlər görülərək yekunlaşdırılıb. Hazırda sözügedən istiqamətdə son 2.5 km-lik ərazidə hazırda qazma-dolma işləri görülür, yeni yol yatağı və yol əsası inşa edilir.

 

Yenidənqurma işlərinin aparıldığı ərazinin uzunluğu 14 km təşkil edir.

 

Magistralın təmir-bərpa işləri aparılan 14 km-lik hissəsinin yol ayrıcında quraşdırılmış əyri xətli dəmir tirlər də sökülərək, beton arakəsmələrlə əvəzlənir.

 

Bir istiqamət üzrə işlər bitəndən sonra digər istiqamətdə, yəni magistralın 16-cı km-dən (VAZ dairəsi) 30-cu km-dək (Sumqayıt) olan hissəsində yenidənqurma işlərinə başlanılacaq.

 

Vətəndaşların rahat gediş-gəlinin təmin olunması istiqamətində aparılan işlər zamanı avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır. Bu üzdən sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

 

Bütün işlər mövcud “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. Tərtib olunmuş qrafikə uyğun olaraq işlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

 

BÜTÜN YOLLAR QARABAĞA APARIR...