Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Bakı Olimpiya Stadionu ətrafında ümumi uzunluğu 14,781 kilometr 4-6 zolaqlı yeni yollar salınıb.
Bura Həsən Əliyev küçəsinin sonundan Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel Böyükşor yol qovşağınadək olması planlaşdırılan yeni yol da daxildir. Yeni avtomobil yolunun inşasının birinci hissəsi layihəyə uyğun olaraq tam başa çatdırılıb. Çəkilən yolun ümumi uzunluğu bir kilometrdir və onun hərəkət hissəsi 2-6 zolaqlıdır.
Atletlər və Media kəndlərindən Olimpiya stadionuna birbaşa çıxışı təmin etmək üçün Ziya bünyadov prospektinin alt hissəsindən keçməklə avtomobil tuneli inşa edilib. Ümumi uzunluğu 294 metr, eni 32.4 metr olan tunelin aşıq hissəsi 236 metr, qapali hissəsi isə 58 metrdir.
Tunelin davamı olaraq 5 aşırımdan ibarət iki avtomobil körpüsü də inşa edilib. Hər birinin hərəkət hissəsinin eni 16.2 metr olan körpülər avtomobillərin rahat və maneəsiz şəkildə Atletlər və Media kəndlərindən Ziya Bünyadov prospektinin altında inşa edilən tunel vasitəsilə Olimpiya stadionuna və geriyə hərəkətini təmin edir. Körpülərdən birinin uzunluğu 205 metr, digərinin isə uzunluğu 167 metrdir.
Avtomobillər üçün nəzərdə tutulan tunel və körpülərə paralel olaraq ərazidə uzunluğu 900 metrə, eni isə 30 metrə yaxın olan piyada yolu inşa edilib, yol üzərində piyada tuneli və 115 metr uzunluğunda kompleksə daxil olan üçüncü körpü də tikilib. Qeyd edək ki, piyada yolunun qapalı hissəsinin uzunluğu 92, açıq hissəsinin uzunluğu 691 metrdir. Ümumi uzunluğu 85 metr olan piyada tuneli də Ziya Bünyadov prospektinin alt hissəsindən keçməklə inşa edilib. Yarışları izləmək üçün avtobuslarla əraziyə gələn tamaşaçılar bu piyada yolu ilə Bakı Olimpiya Stadionuna rahat hərəkət edəcəklər.
Tunelin davamı olaraq 140 metr uzunluğunda, 30 metr enində piyada körpüsü də inşa edilib. Koroğlu metrostansiyasından çıxan vətəndaşlar rahat və maneəsiz şəkildə tuneldən keçməklə körpüylə hərəkətlərini davam edərək qısa müddətdə Olimpiya stadionun girişi önündə ola bilərlər. Qeyd edək ki, körpüdə 44 metr uzunluğunda istinad divarları da inşa edilib.
Ərazidə inşa edilən ikinci avtomobil tuneli ilə Atletlər və Media kəndindən Olimpiya stadionun arxa hissəsinə Böyükşor gölünün sahili ilə salınmış bulvara doğru çıxmaq mümkündür. Ümumi uzunluğu 509 metr , eni isə 32.4 metr olan tunelin açıq hissəsi 455 metr, qapalı hissəsi 54 metrdir.
Media kəndi ərazisində Heydər Əliyev prospekti və yeni tikilən Həsən Əliyev küçəsi – Bakı limpiya Stadionu yolunu birləşdirən, uzunluğu 0.3 km, olmaqla 4 hərəkət zolaqlı yeni yol tikilib, 4.4 min m2 sahəyə asfalt-beton döşənib.
Nəqliyyat vasitələrinin Bakı olimpiya stadionuna rahat və maneəsiz hərəkətini şəkildə təmin etmək məqsədilə Heydər Əliyev prospektindən Sabunçu yol qovşağından geriyə, Olimpiya stadionuna yeni yol hissəsi salınıb.
Bundan başqa Bakı Olimpiya Stadionunda 3 min 100 yerlik avtomobil parkı, Media Kəndində nəqliyyat terminalı, Atletlər Kəndinin yaxınlığında avtobus meydançası, o cümlədən Avropa oyunları parkı da inşa edilib.