Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olarkən Prezident İlham Əliyev Zəngilan-Horadiz avtomobil yolunun təməlini qoydu.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə dövlətimizin başçısının tapşırığı ilə artıq bir neçə yol layihəsinin icrasına başlanılıb və uğurla davam etdirilir. Bu layihələr işğaldan edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaq. Bu baxımdan Zəngilan-Horadiz avtomobil yolu da strateji əhəmiyyəti ilə seçilir. Yolun ümumi uzunluğu 124 kilometrdir və 4-6 zolaqdan ibarət olacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:
"Böyük qayıdış başlayıb. Bu gün burada təməl daşını qoyduğum hava limanı dövlətimizin gücünü göstərir. Bir qədər bundan aralıda yeni Horadiz-Zəngilan avtomagistral yolunun təməli də qoyulacaq. Mövcud yola paralel olan 4-6 zolaqlı bu yol geniş imkanlar açacaq. Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün bu layihələrin çox böyük əhəmiyyəti vardır. Bu hadisə münasibətilə zəngilanlıları və bütün Azərbaycan xalqını təbrik edirəm."