Onlarla işsiz qəsəbə sakini müvafiq işlə təmin olunub
“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqram”ına əsasən uzun müddətdir ki, təmir olunmadığı üçün yolun hərəkət hissəsi sıradan çıxmış küçələrin yüksək keyfiyyətlə təmir edilərək istifadəyə verilməsi istiqamətində “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən kompleks tədbirlər həyata keçirilir.
Bu çərçivədə kompleks tədbirlərdən biri də Xəzər rayonu Zirə qəsəbəsində aparılır. Qəsəbənin bir-neçə küçəsində eyni vaxtda təmir-tikinti işləri həyata keçirilir. Bu uzunluğu 1,8 km, ortalama eni 8 metr olan Ağamalıoğlu, uzunluğu 0,8 km, ortalama eni 11 metr olan Sərdarov və uzunluğu 1,1 km, ortalama eni isə 8 metr olan Əbdülhəsən Babayev küçələridir.
Təmir-tikinti işləri çərçivəsində ümumi uzunluğu 3,66 km olan küçələrin köhnə asfalt-beton örtüyü qaşınaraq, ərazidən daşınır. Bunun əvəzinə təqribən 38850 m2 sahəyə bir ( 6sm ) və iki qat (11 sm ) olmaqla yeni asfalt beton örtüyünün döşənməsi işlərinin aparılması planlaşdırılır. Bundan başqa bəzi ərazilərdə deformasiyaya uğramış yol yatağı qazılaraq çıxarılıb, təqribən 4 min m2 sahədə yeni yol əsası tikilib.
Sözügedən küşələrin təmiri qəsəbə sakinlərinin gediş-gəlişini rahatlaşdırmaq məqsədi daşıyır. Çünki təmir olunan küçələr Zirə İdman Kompleksinin, orta ümumtəhsil məktəbinin və qəsəbə məscidinin qarşısından keçərək Ə.Babayev küçəsi ilə yenidən qəsəbənin mərkəzi küçəsi olan S.Ə.Şirvani küçəsində birləşir. Bundan başqa həmin küçələrlə müntəzəm sərnişin daşıma ilə məşğul olan avtobuslar da keçirlər.
Qeyd edək ki, “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti Xəzər rayonu Zirə qəsəbəsinin sözügedən küçələrinin təmiri işlərini vaxtında icra etmək, o cümlədən işsizliyin aradan qaldırılması istiqamətində ölkə rəhbərliyinin həyata keçirdiyi layihələrə dəstək olmaq məqsədi ilə onlarla işsiz qəsəbə sakini müvafiq işlə təmin edib.
Zirənin qəsəbədaxili küçələrinin təmiri işləri “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllğa riayət olunmaqla yüksək keyfiyyətlə, tərtib olunmuş qrafikə uyğun aparılır və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Küçələrin təmiri zamanı yaranan müvəqqəti natrahatçılığa görə, “Azəryolservis” ASC vətədaşlardan üzr istəyir və sürücüləri görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.