Binəqədi rayonu üzrə 15 km-dən çox küçə və yol təmir edilir

3 May 2021- 11:45
11 Binəqədi rayonu üzrə 15 km-dən çox küçə və yol təmir edilir

Vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində Bakı şəhərinin Binəqədi rayonunda avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında dövlət başçısının imzaladığı sərəncama əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən rayon ərazisində kompleks tədbirlər həyata keçirilir.

 

Təmir işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılır.

 

Cari ildə Bakı şəhəri Binəqədi rayonu üzrə 15 km-dən çox küçə və yolda təmir işlərinin aparılması nəzərdə tutulurdu ki, artıq bu istiqamətdə rayonun Sulutəpə qəsəbəsində təmir-tikinti işlərinə başlanılıb. Sözügedən qəsəbə üzrə ümumi uzunluğu 7.1 km təşkil edən küçə və yolların əsaslı təmiri məqsədi ilə əraziyə lazımi sayda qüvvə cəlb olunub.

 

Artıq nəzərdə tutulan işlərin bir hissəsi yerinə yetirilib. Belə ki, aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılır, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülür, küçələr profilə salınıb, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilir. Daha sonra yol əsası hazır olan hissələrə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.

 

2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi üzrə 3 km, Binəqədi qəsəbəsi üzrə isə 5.3 km qəsəbədaxili küçə və yolların təmiri də nəzərdə tutulur. Bu istiqamətdə də yaxın müddət ərzində təmir-tikinti işlərinə start veriləcək.

 

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncam və tapşırıqları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2019-2020-ci illərdə Binəqədi rayonunun qəsəbələrini əhatə edən ümumi uzunluğu 70 km-dən çox olan küçə və yola asfalt-beton örtüyü döşənib.  

 

Hazırda qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq cari ilin İnvestisiya Proqramı çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. Növbəti Sərəncam və İnvestisiya Proqramları çərçivəsində rayon üzrə təmiri nəzərdə tutulan digər küçə və yollarda da işlərin aparılması nəzərdə tutulur.  

 

Təbii ki, təmiri aparılan və nəzərdə tutulan küçələr Binəqədi rayonunun sözügedən qəsəbələri üzrə vətəndaşların əsas istifadə etdiyi yollar olduğu üçün işlərin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarır.

 

YOLUNUZ AÇIQ OLSUN...