Şabran rayonunda Padar avtomobil yolu yenidən qurulur

4 May 2021- 10:39
11 Şabran rayonunda Padar avtomobil yolu yenidən qurulur

Prezident İlham Əliyevin yol infrastrukturunun yenidən qurulmasının davam etdirilməsi ilə bağlı tövsiyə və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən cari ildə də respublika üzrə müxtəlif yol infrastrukturu layihələri həyata keçirlir ki, bura magistral, respublika və yerli əhəmiyyətli yollar daxildir.

 

Bu çərçivədə artıq bir çox avtomobil yollarında yenidənqurma və tikinti işlərinə start verilib. Onlardan biri respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama- Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-cı km-dən ayrılan və Padar kəndinə gedən avtomobil yoludur.

 

Sözügedən yol uzunluğu 2500 metr olmaqla, 600 əhalinin yaşadığı yaşayış məntəqəsinə qədər rahat gediş-gəlişi təmin edəcək. Yolun layihə üzrə hərəkət hissəsinin eni 6 metr, çiyinlərin eni isə hər bir istiqamət üzrə 2 metr təşkil edəcək.

 

Padar yolu uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəlmişdi və əsaslı şəkildə təmirinə ehtiyac yaranmışdı. Hazırda avtomobil yolu IV texniki dərəcəyə uyğun yenidən qurulur.

Belə ki, tikinti layihəsinə uyğun yolun qabarmış və çökmüş hissələrinin qazılaraq çıxarılması, qazılmış hissələrinin doldurulması, yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi, qruntun hissə-hissə avtoqreyderlə yayılması və lay-lay kipləşdirilməsi işləri aparılır. Yolun müəyyən hissəsində yolun genişləndirilməsi, optimal-qırmadaş qarışığı ilə əsasın alt layının, qum-çınqıl qarışığından isə əsasın üst layının tikintisi işləri görülür.

 

Marşrut boyu yararsız hala düşmüş müxtəlif diametrli suötürücü borular yeniləri ilə əvəz edilir və zəruri olan yerlərdə müxtəlif diametrli dəmir-beton boru quraşdırılır.

 

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, daha sonra yol boyu iri  və xırda dənəli asfalt-beton qarışığından örtüyün alt və üst layının tikintisi işləri aparılacaq.

 

Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanları, km göstəriləri və siqnal dirəkləri quraşdırılacaq, üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

 

Texnoloji ardıcıllığa uyğun olaraq, birbaşa Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılan yenidənqurma işləri kənd əhalisinin gediş-gəlişinin rahatlaşmasına gətirib çıxarmaqla bərabər, yük və sərnişin daşımasını da asanlaşdıracaq.

 

Tərtib olunmuş qrafikə uyğun işlərin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub. 

 

BÜTÜN YOLLAR QARABAĞA APARIR...