“Azəryolservis” ASC tərəfindən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun “Avtovağzal dairəsi” adlanan ərazisinin Bakı Dairəvi-1 avtomobil yoluna birləşdirilməsi məqsədilə yeni avtomobil yolu inşa edilib.
İnşasına 2014-cü ilin sentyabr ayında başlanılan, 2015-ci ilin may ayında təmir-tikinti işləri yekunlaşan yolun ümumi uzunluğu 1070 metrdir.
Yolun körpüyə qədər 618.7 metrlik hissəsinin eni 22 metrdir və 4 hərəkət zolağından ibarətdir. 15 aşırımdan ibarət körpünün uzunluğu 451.3 metr, eni isə 13 metrdir. Yol kənarlarında 2.5 metr enində səki salınıb, 1 metr enində ayrıcı zolaqlar qurulub. Ümumilikdə 10 min m2 sahəyə asfalt-beton örtük döşənib.
Qeyd edək ki, bu yollar tam olaraq istifadəyə verildikdən sonra Beynəlxalq Avtovağzaldan Qazax-Gürcüstan və Ələt-Astara-İran sərhədi, həmçinin Hacıqabul-Horadiz istiqamətində sərnişin daşıyan avtobuslar, o cümlədən Sumqayıt istiqamətindən gələn nəqliyyat vasitələri birbaşa Respublika Stend Atıcılığı İdman Kompleksinə və Bakı Dairəvi-1 avtomobil yoluna rahat və manesiz şəkildə çıxış əldə ediblər.
Sözügedən ərazinin yaxınlığında yerləşən Stend Atıcılığı idman kompleksinə gedən yeni yol da inşa edilib. Stend Atıcılığı idman kompleksinə gedən yolun uzunluğu 1354.5 metr, eni isə 21.5 metrdir. İnşasına 2014-cü ilin iyun ayında başlanılan yolda təmir-tikinti işləri 2015-ci ilin may ayında bitib.