Məlumat verildiyi kimi bəzi fiziki və hüquqi şəxslər tərəfindən yük avtomobilləri oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmaqla normadan artıq yüklənir və bu formada ümumi istifadədə olan avtomobil yollarında idarə edilir. Belə hallar inzibati xəta tərkibi yaratmaqla yanaşı nəqliyyat vasitələrinin hərəkəti zamanı avtomobil yoluna və yol qurğularına zərər dəyməsinə, yol örtüyünün və yolun mühəndis konstruksiyasının zədələnməsinə səbəb olur, həmçinin bəzi hallarda digər hərəkət iştirakçıları üçün də təhlükəli vəziyyət yaradır.
Bunun qarşısını almaq məqsədi ilə magistral və respublika əhəmiyyətli avtomobil yollarında təşkil edilmiş tərəzi nəzarət məntəqələrində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının birgə xidmətinin təşkili üzrə tərtib edilmiş tədbirlər planına əsasən yoxlama tədbirləri davam etdirilir.
Yoxlama tədbirləri aşağıda adları qeyd olunan Tərəzi Nəzarət Məntəqələrində aparılır:
- M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 130-cu km-də, Gəndob qəsəbəsi;
- M-2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 49-cu km-də, Sanqaçal qəsəbəsi;
- M-6 Hacıqabul-Bəhramtəpə-Horadiz-Zəngəzur dəhlizi avtomobil yolunun 92-ci km-də.
Yoxlama tədbirləri zamanı iriqabaritli və ağırçəkili nəqliyyat vasitələri yükdaşıma qaydalarını, həmçinin icazə verilən çəki və kütlə parametrlərinə dair tələbləri pozan sürücülərin aşkarlanması, icazə verilən həddən artıq yükü olan nəqliyyat vasitələrinin agentliyin səlahiyyətləri daxilində yol hərəkətindən kənarlaşdırılması, artıq yükün boşaldılması və sürücülərə inzibati məsuliyyət daşıdıqları barədə xəbərdarlıqların edilməsi həyata keçirilir.
Əgər yuxarıda qeyd olunan hal təkrarlanarsa, həmin sürücülər barəsində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən inzibati xəta haqqında protokol tərtib edilir. Bu çərçivədə son 10 gün ərzində günlər yükdaşıma qaydalarını pozan, həmçinin iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə müvafiq olaraq 163 protokol tərtib olunub.
Qeyd edək ki, ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yollarına vurduqları ziyanın hesablanması qaydalarının, yol ötürücülərinin yük götürmə qabiliyyətinin müəyyən edilməsi, habelə həmin zərərin ödənilməsi və aradan qaldırılması, ən əsası isə qəza təhlükələrinin nəzarət altına alınması məqsədi ilə tədbirlərin görülməsi istiqamətində müvafiq addımların atılması davam etdiriləcək.
YOLUNUZ AÇIQ OLSUN...