Dövlət başçısının tapşırığına əsasən vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 2021-ci ilin investisiya proqramına uyğun olaraq, Suraxanı rayonu üzrə təmirə ehtiyacı olan ümumi uzunluğu 18.5 km təşkil edən qəsəbədaxili küçə və yolda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir-tikinti işləri davam etdirilir.
İnvestisiya Proqramına uyğun olaraq sözügedən rayonun Qaraçuxur qəsəbəsində ümumi uzunluğu 4.3 km olan 4 küçədə və Şərq yaşayış massivi yolunda yenidənqurma işlərinin aparılması nəzərdə tutulurdu ki, bu istiqamətdə bir müddətdir işlərə start verilib.
Bu çərçivədə qəsəbədə 1 km uzunluğa malik Cəlal Qurbanov küçəsində aparılan təmir-tikinti işləri yüksək keyfiyyətlə qısa müddət ərzində icra olunaraq yekunlaşdırılıb.
Aparılan yenidənqurma işləri çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunub. Ardınca küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi həyata keçirilib.
Bununla yanaşı küçə boyu zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub, səkilərin hərəkət hissəsi asfaltlanıb, ərazidə olan köhnə səki daşları yenisi ilə əvəz edilib.
Bu işlərə paralel olaraq küçə boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub.
Layihəyə uyğun olaraq asfaltlanma işləri bitdikdən sonra eni ortalama 18 metr təşkil edən Cəlal Qurbanov küçəsi zəruri yol nişanları, üfiqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
Qısa zaman ərzində isə hər birinin uzunluğu 1.5 km olan Bağlar yaşayış massivinin və Südçülük sovxozu adlanan ərazinin yollarında, həmçinin ümumi uzunluğu 7.7 km olan qəsəbədaxili küçə və məhəllədaxili hissələrdə də agentlik tərəfindən təmir-bərpa işlərinə başlanacaq.
Hövsan qəsəbəsi üzrə cari ildə təmiri nəzərdə tutulan küçə və yolların ümumi uzunluğu 14.2 km təşkil edir.
Təmir işlərinin həcmi cari ilin İnvestisiya Proqramına uyğun olaraq ayrılmış vəsait hesabına agentliyin rəhbərliyinin nəzarəti altında “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılır.Növbəti mərhələlərdə Sərəncam və İnvestisiya Proqramına uyğun olaraq Suraxanı rayonu üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncam və tapşırıqları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2019-2020-ci illərdə Suraxanı rayonunun qəsəbələrini əhatə edən ümumi uzunluğu 50 km-ə yaxın qəsəbədaxili küçə və yollarının təmiri işləri icra olunub.
YOLUNUZ AÇIQ OLSUN...