Bakı şəhəri və onun qəsəbələrinin uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, torpaq əsaslı, çınqıl örtüklü və ümumi istifadədə olan, sərnişin avtobusların hərəkət etdiyi, sosial obyektlərin yerləşdiyi küçə və yollarda yeni yol infrastrukturunun yaradılması istiqamətində işlər davam etdirilir.
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində görülən bu işlər 2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq Xəzər rayonunda da aparılır.
İnvestisiya Proqramına uyğun olaraq cari ildə Xəzər rayonunun Binə, Buzovna və Qala qəsəbələrində ümumi uzunluğu 16.3 km olan küçə və yolların təmiri və tikintisi nəzərdə tutulurdu ki, bu istiqamətdə təmir-tikinti işləri davam etdirilir.
Söhbət Binə qəsəbəsi üzrə ümumi uzunluğu 7.6 km olan 5 küçə və yol, Buzovna qəsəbəsi üzrə 1.2 km-lik 1 küçə, Qala qəsəbəsi üzrə isə ümumi uzunluğu 7.5 km olan 3 yoldan gedir.
Artıq rayonun Qala qəsəbəsi üzrə ümumi uzunluğu 7.5 km olan 3 küçədə rahat gediş-gəlişin təmin olunması istiqamətində agentlik tərəfindən aparılan təmir işləri yekunlaşmaq üzrədir.
Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçələr profilə salınıb, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilib. Daha sonra yol əsası hazır olan hissələrə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb.
Təmir işlərinin sonuncu mərhələsində yolun üfüqi nişanlanma xətlərinin çəkilişi ilə sözügedən küçələr müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
Bununla yanaşı rayonun Binə qəsəbəsi üzrə də cari ilin İnvestisiya Proqramında nəzərdə tutulan küçə və yolların yenidən qurulması istiqamətində işlərin bir hissəsi yerinə yetirilib.
Artıq qəsəbənin 3600 metr uzunluğa malik Nəsimi küçəsində təmir işləri yekunlaşıb. Bolluq massivi, Cəfər Cabbarlı, Nizami və Bünyadzadə küçələrində isə təmir işləri son mərhələ üzrə davam etdirilir.
Görülən işlərin ardıcıllığına uyğun olaraq rayon üzrə Buzovna qəsəbəsində uzunluğu 1200 metr təşkil edən Xəzər küçəsinin təmiri icra olunacaq.
Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq cari ilin İnvestisiya Proqramı çərçivəsində ayrılmış vəsait hesabına, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır.
Növbəti mərhələlərdə Sərəncam və İnvestisiya Proqramına uyğun olaraq Xəzər rayonu üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncam və tapşırıqları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2019-2020-ci illərdə Xəzər rayonunun qəsəbələrini əhatə edən ümumi uzunluğu 100 km-dən çox olan küçə və yola asfalt-beton örtüyü döşənib.
Təbii ki, təmiri aparılan və nəzərdə tutulan küçələr Xəzər rayonunda vətəndaşların əsas istifadə etdiyi yollar olduğu üçün təmir-bərpa işlərinin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarır.
YOLUNUZ AÇIQ OLSUN...