Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişini təmin etmək, kənd təsərrüfatı və turizmin inkişafını sürətləndirmək məqsədi ilə respublikanın yol infrastrukturunun yenidən qurulması, müasir səviyyəyə çatdırılması ilə bağlı İsmayıllı rayonunda son iki il ərzində bir-neçə kəndlərarası avtomobil yolu yenidən qurulub.
Cari ildə isə İsmayıllı rayonunun Hacıhətəmli–Gideyli–Kürd Eldarbəyli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 4 minə yaxın əhalinin yaşadığı 3 yaşayış məntəqəsi arasında gediş-gəlişi rahatlaşdıracaq, kənd təsərrüfatının, xüsusən də üzümçülüyün inkişafına gətirib çıxaracaq yol infrastrukturu layihəsinin icrası həyata keçirilir.
Uzunluğu 13 kilometr olan Hacıhətəmli-Gideyli-Kürd Eldarbəyli avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi, çiyinlər atmosfer yağıntıları nəticəsində yuyulmaya məruz qaldığından aşağı, yolun bəzi hissələrində isə torpaq yatağı təbii relyef ilə eyni səviyyədə idi. Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan torpaq və çınqıl örtüklü olan yol 5-ci texniki dərəcədən 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən "İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılan işlər çərçivəsində yollar boyu torpaq yatağının deformasiyaya uğramış hissələri və yararsız örtük qazılaraq çıxarılıb, yolun normativ eninin alınması üçün genişləndirmə işləri aparılıb, qazılmış və genişləndirilmiş hissələrə, həmçinin yolun torpaq yatağının bərpası və yerin təbii relyef səviyyəsindən qaldırılması üçün yararlı material tökülərək kipləşdirmə işləri görülüb ardınca isə yeni yol yatağı inşa edilib.
Torpaq işlərinə paralel olaraq yol boyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədi ilə mövcud dəmir-beton boruların bərpası, zəruri olan yerlərdə isə müxtəlif diametrli yeni boruların tikintisi işləri icra olunub.
Bunun ardınca layihədə nəzərdə tutulmuş qarışıqlardan istifadə olunmaqla yol əsasının inşası və yollar boyu 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Ümumilikdə tikintinin aparıldığı sahə 130 min kv.m-dən çox ərazini əhatə edib. Artıq yolun asfalt-beton örtüyünün tikintisi bitib, hazırda yol çiyinlərinin bərkidilməsi işləri davam etdirilir.
Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkil üçün yol nişanlarının, siqnal dirəklərinin və km göstəricilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılacaq.
Hacıhətəmli-Gideyli-Kürd Eldarbəyli avtomobil yolunun yenidən qurulması 3 mindən artıq əhalisi olan 3 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyət kəsb edir. Bütün bunlar bir daha sübut edir ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən biri də kənd və qəsəbələri birləşdirən yeni yolların salınması, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulmasıdır.
YOLUNUZ AÇIQ OLSUN...