Bakı Su İdman Mərkəzi ətrafında yeni yolların tikintisinə 2013-cü ilin aprel ayında başlanılıb. Burda ümumi uzunluğu 6630 metr uzunluğunda müasir standartlara cavab verən yeni yollar salınıb.
Bəzi yollarda hərəkət zolaqlarının sayı 4, bəzilərində isə 5-dir. Hərəkət zolaqlarının eni isə 3,5 metrdir.
Bakı Su İdman Mərkəzinə gələn nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkəti üçün Bakı-Ələt avtomobil yoluna çıxan yeni yol hissəsi də inşa edilib.
Yolların inşası zamanı 125 min kvadratmetr asfalt, 730 min kvadratmetr torpaq işləri görülüb. Yüksək səviyyədə və qısa müddətə yerinə yetirilən inşaat işləri zamanı müasir texnologiyalardan istifadə edilib. Yeni yol bu ərazidə nəqliyyatın təhlükəsiz və maneəsiz hərəkəti baxımından mühüm rol oynayır.
Beləliklə, bu yol paytaxtın yol-nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsinə töhfəsini verəcək.
Bundan başqa piyadaların Bakı Su İdman Mərkəzinə rahat şəkildə gəliş-gedişini təmin etmək məqsədilə yeni piyada keçidi də inşa olunub. Eni 8 metr, hündürlüyü 4 metr, uzunluğu 226 metr olan keçid əraziyə gələn insanların təhlükəsizliyini təmin edəcək. Burada əlillərin rahat hərəkət etmələri üçün xüsusi qurğu quraşdırılıb. Yeraltı piyada keçidinin 4 çıxışı var. Keçiddə 8 eskalator quraşdırılıb.
Beləliklə, keçidin inşası sakinlərin Əhəd Yaqubov küçəsi, Dövlət Bayrağı Meydanı və Bibiheybət yolu istiqamətlərinə təhlükəsiz hərəkətini təmin edəcək.