Toğanalı-Kəlbəcər avtomobil yolunda Murovdağ tunelinin inşası davam etdirilir

6 Oktyabr 2021- 09:46

Avqustun 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında olarkən Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunelin təməlinin qoyulması mərasimindən dərhal sonra genişmiqyaslı tikinti işlərinə başlanıldı.

 

Göygöl və Kəlbəcər rayonlarını birləşdirən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun layihə uzunluğu 80.7 km təşkil edir. Layihənin 13.5-cı km-lik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1700 m-dən Murovdağ zirvəsinədək 3250 m-ə qədər artır.

 

Burda qış fəslində güclü qar və şaxtalı hava şəraitində yolun təhlükəsiz istismarı mümkün olmaya bilər. Bu üzdən çətin relyefə malik ərazidə 31.5 km-lik yolun tikilməsi əvəzinə bu hissənin Murovdağ silsiləsinin altından 11.6 km-lik tunel ilə keçilməsi daha məqsədəuyğun hesab edilib. Tunel bir istiqamət üzrə 2 hərəkət zolaqlı və 12 metr enində olacaq.

 

Murovdağ tunelinin sol hərəkət istiqaməti üzrə üst yarı hissədə 125 metr, sağ istiqamət üzrə üst yarı hissədə isə 115 metr qazma işləri aparılıb. Hazırda tuneldə partlatma və qırıcı üsulları ilə tunelin qaya qruntlardan ibarət hissələrin kənarlaşdırılması işləri davam etdirilir.

 

Dövlətimizin başçısının tapşırığına əsasən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Belə ki, layihənin keçdiyi ərazinin sərt dağlıq və qayalıq relyefinin olmasını nəzərə alaraq, yolun əsas hissəsinin II texniki dərəcəyə uyğun, yəni hərəkət hissəsinin 2 zolaqdan, yoxuşlarda isə əlavə zolaq verilməklə tikintisi nəzərdə tutulub. Tunel və körpü olan hissələrdə isə 1-ci texniki dərəcəyə uyğun 4 hərəkət zolağının inşası planlaşdırılır.

 

İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “3 N-li Magistral Yolların İstismarı” MMC ilə subpodratçı şirkətlər olaraq yol tikintisi sahəsində ixtisaslaşmış Türkiyənin “Kolin İnşaat Turizm Sənaye və Ticarət” və “Cengiz İnşaat Sənaye və Ticarət” şirkətləri birgə icra edir.

 

Hazırda yolun müəyyən hissələrində layihə-axtarış, geologiya və səfərbərlik işləri aparılır. “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılan işlər agentliyin rəhbərliyinin nəzarəti altındadır.

 

Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə ümumi uzunluğu 2575 metr olan 103 dairəvi boru, həmçinin zəruri olan yerlərdə ümumi uzunluğu 450 metr olan 5 yeni avtomobil körpüsünün inşası işləri də icra olunacaq.

 

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə işğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisindən keçir. Bu üzdən sözügedən rayonun bir-çox yaşayış məntəqələri ilə yanaşı rayon mərkəzinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək.

 

BÜTÜN YOLLAR QARABAĞA APARIR...