Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Qarabağ ərazisinin işğaldan azad edilərək geri qaytarılması və fəal şəkildə bərpa olunması ilə əlaqədar olaraq, Bakı Ekspo Mərkəzində təşkil olunan 1-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” Rebuild Karabakh sərgisində iştirak edir.
Dövlət Agentliyinin sözügedən sərgidə quraşdırılmış xüsusi pavilyonunda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələri, gələcək planlar və yeniliklər barədə ətraflı məlumat əldə etmək mümkündür.
Sərginin əsas sektorları arasında: Banklar və investisiyalar, Təhlükəsizlik, Hasilat sənayesi, Səhiyyə, İnformasiya texnologiyalar, Təhsil, Qida sənayesi, Kənd təsərrüfatı, İnşaat, Yol tikintisi və infrastruktur, Nəqliyyat, Turizm və mədəni irs, Energetika və Ekologiya.
Rebuild Karabakh 2021 sərgisi Qarabağ Dirçəliş Fondu, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı “Caspian Event Organisers” (“CEO”) şirkətidir.