Yasamal rayonunda 7 küçə əsaslı şəkildə təmir olunur VİDEO/FOTO

21 Yanvar 2022- 14:33

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində dövlət başçısının tapşırığına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən avtomobil yolları, küçə və prospektlərdə təmir-bərpa, yenidənqurma işləri davam etdirilir.

Bu çərçivədə Bakı Nəqliyyat Agentliyinin pilot layihəsi əsasında agentlik tərəfindən Yasamal rayonu Bəsti BağırovaMəhəmməd Naxçıvani küçələrində, həmçinin bu küçələrlə kəsişən Giləzi, Murtuza Muxtarov, Cabbar Qaryağdıoğlu, Mirzə Fətəli Axundov Mustafa Sübhi küçələrinin əsaslı şəkildə yenidən qurulması nəzərdə tutulur. Yenidənqurma işlərinin aparılması nəzərdə tutulan 7 küçənin ümumi uzunluğu 1777 metrdir

Təmir-bərpa işlərinə Bəsti Bağırova küçəsində start verilib. Küçənin uzunluğu 450 metr, hərəkət hissəsinin eni ortalama 14.5 metr təşkil edir. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan işlər çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, yararsız səki daşları sökülərək 1100 p/metr uzunluğunda yeni səki daşları ilə əvəz olunur, yeni piyada səkiləri salınır. 

Küçə üzrə müasir şəhərsalma qaydalarına uyğun olaraq mövcud piyada səkilərinin bərpası və zəruri yerlərdə yenilərinin inşası ilə piyadayönümlülüyün artırılması hədəflənir. Yenidənqurma işləri çərçivəsində küçə üzrə piyada səkilərinin sahəsi 8390 kv.m, avtonəqliyyat vasitələrinin hərəkət etdiyi hissənin sahəsi isə 6530 kv.m təşkil edəcək.   

Bu işlərə paralel olaraq küçə boyu səth sularının normal kənarlaşdırılmasını təmin etmək məqsədi ilə yağış-kanalizasiya sisteminin bərpa olunaraq işlək vəziyyətə salınması, yeni yağış barmaqlıqlarının, həmçinin yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələrinin qaldırılaraq 78 ədəd yeni baxış qapaqlarının qoyulması da nəzərdə tutulub. 

Bununla yanaşı ərazidə aidiyyəti qurumlar tərəfindən yeraltı kommunikasiya xətlərinin yenilənməsi, zəruri yerlərdə yeni xətlərin çəkilməsi işləri də aparılır. Bu isə gələcəkdə sözügedən küçələrdə örtüyün vaxtından əvvəl zədələnməsini sığortalamış olacaq.

Yenidənqurma işlərinin son mərhələsində küçə zəruri yol nişanları, üfiqi nişanlanma xətləri, piyada zolaqları xüsusi parkinq yerləri ilə təmin olunaraq vətəndaşların istifadəsinə veriləcək. 

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılan yenidənqurma işləri mərhələli şəkildə 462 metr uzunluğa malik Məhəmməd Naxçıvani küçəsində, həmçinin Giləzi (110m), Murtuza Muxtarov (329m), Cabbar Qaryağdıoğlu (188m), Mirzə Fətəli Axundov (119) Mustafa Sübhi (119m) küçələrində də aparılacaq. 

Xatırladaq ki, Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən İnvestisiya Proqramları çərçivəsində 2019-2021-ci illər ərzində Yasamal rayonu ərazisində 20 km-dən çox uzunluğa malik küçə əsaslı şəkildə təmir edilib.

YOLUNUZ AÇIQ OLSUN...