Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində dövlət başçısının tapşırığına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən küçə və prospektlərdə, avtomobil yollarında kompleks tədbirlər icra olunmaqdadır.
Bu çərçivədə Sabirabad rayonu, Surra-Padar avtomobil yolunun 1-ci km-də yerləşən avtomobil körpüsündə təmir-bərpa işlərinə başlanılıb.
Sözügedən rayonun Surra kəndi ərazisində Kür çayı üzərində yerləşən və uzunluğu 267 metr olan körpünün hərəkət hissəsində beton plitələrdə uzun müddət istismar nəticəsində çatlar və dağılmalar əmələ gəldiyindən avtonəqliyyat vasitələrinin hərəkətinə maneə və təhlükə yaradırdı.
Bu səbəbdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən körpünün təmiri üçün əraziyə təxirə salınmadan işçi briqadası cəlb edilərək problemin aradan qaldırılması istiqamətində işlərə başlanılıb.
Hava şəraitinin əlverişli olacağı təqdirdə yaxın 15-20 gün ərzində işlər tamamlanaraq, körpü yenidən sürücülərin ixtiyarına veriləcək.
Təmir-bərpa işlərinin davam edəcəyi müddət ərzində isə sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkətinin təmin olunması məqsədi ilə müvəqqəti alternativ keçid yol salınıb.
Bundan başqa körpüdən istifadə edərək Sabirabad rayonunun kəndlərinə getmək istəyən və yaxud kəndlərdən rayon mərkəzinə gəlmək istəyən vətəndaşlar təmir müddəti ərzində rayonun Cavad kəndi ərazisindən, Bakı-Qazax magistralı boyunca yerləşən rayonlara getmək üçün isə Saatlı-İmişli-Kürdəmir avtomobil yolundan alternativ olaraq istifadə edə bilərlər.
YOLUNUZ AÇIQ OLSUN...