Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində kompleks tədbirlər icra olunur.
Bu tədbirlər çərçivəsində “İnvestisiya Proqramı”na əsasən, İbrahimpaşa Dadaşov küçəsində aparılan əsaslı təmir işləri yekunlaşıb. Təmir işləri küçənin Ziya Bünyadov prospekti və Məmməd Araz küçələri arasında yerləşən 650 metrlik hissəsində aparılıb.
Aparılan təmir işləri çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünü sökülüb, mövcud piyada səkiləri 1000 kv.m sahədə bərpa olunub, küçə boyu yeni səki daşları düzülüb.
Layihəyə uyğun olaraq səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa olunub, 5 yeni yağış barmaqlığı quraşdırılıb, kommunikasiya xətlərinin 46 baxış qapağı yenisi ilə əvəz olunub.
Bundan başqa İbrahimpaşa Dadaşov küçəsində yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində ərazidən keçən içməli və tullantı su xətləri yenilənib. İşlərin operativ və qısa müddətdə yekunlaşdırılması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və “Azərsu” ASC koordinasiyalı şəkildə fəaliyyət göstərib. Kommunikasiya xətlərinin yenilənməsi gələcəkdə qəza hallarının baş verməsini minimuma endirməklə asfalt-beton örtüyünün sıradan çıxmasının qarşısını alacaqdır.
Kommunikasiya xətlərinin yenilənməsindən sonra qazılmış ərazidə əks-dolğu və kipləşmə işləri aparılıb. Ardınca küçə boyu 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib. Aparılan yenidənqurma işləri çərçivəsində yol kənarları və baxımsız vəziyyətdə olan ağacların dibləri abadlaşdırılıb.
Son mərhələdə isə küçə zəruri yol nişanları, üfiqi nişanlanma xətləri, piyada zolaqları və parkinq yerləri ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
Xatırladaq ki, ölkə başçısının tapşırığına əsasən, agentlik tərəfindən 2019-2021-ci illər ərzində Nərimanov rayonu ərazisində 35 km-dən çox uzunluğa malik küçə və yol təmir edilib.
YOLUNUZ AÇIQ OLSUN...