2021-ci il ərzində yerinə yetirilmiş işlərə həsr olunan iclas keçirilib FOTO

22 Fevral 2022- 17:18

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində 2021-ci il ərzində yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələrin icrasına həsr olunan iclas keçirilib.

İclas iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.

Daha sonra cəmiyyətin akt zalında keçirilən iclası giriş nitqi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyyətinin sədri Saleh Məmmədov açıb.

İdarə Heyətinin sədri Saleh Məmmədov xalqımızın ümummilli lideri Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq müəyyənləşdirilən, Azərbaycanı müasir infrastruktur təminatına malik ölkəyə çevirməklə bağlı strategiyada yol infrastrukturunun yenilənməsinə xüsusi önəm verildiyini bildirib.

Bunun bariz nümunəsidir ki, vətəndaşların rahat və maneəsiz şəkildə gediş-gəlişini təmin etmək, sərnişin və yük daşımasını asanlaşdırmaq, insanların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən turizm və kənd təsərrüfatının inkişafı məqsədi ilə ötən il 728.3 km, son 5 il ərzində isə 6 min km-dən çox olan avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub.

İdarə Heyyətinin sədri Saleh Məmmədov Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış Sərəncamlara uyğun olaraq, işğaldan azad olunmuş ərazilərdə yol infrastrukturun bərpası məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2021-ci il ərzində ümumi uzunluğu 1516.3 km təşkil edən 15 avtomobil yolunun layihələndirilməsi və tikintisi işlərinin davam etdirildiyini bildirib. 

Sözügedən yol infrastrukturu layihələrindən ən qürurvericisi Şuşa şəhərini işğaldan azad edərkən Rəşadətli Ordumuzun istifadə etdiyi “Zəfər Yolu”nun tikintisidir.  

Uzunluğu  101 km, 2 hərəkət zolaqlı olan “Zəfər Yolu” olduqca çətin dağlıq-meşəlik ərazidən keçməsinə baxmayaraq, tikintisi 10 ay ərzində başa çatdırılaraq 2021-ci il noyabr ayının 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılış mərasimi keçirilərək istifadəyə verilib. 

Tədbir zamanı 22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı ilə əalqədar olaraq avtomobil yolları infrastrukturunun inkişafındakı xidmətlərinə görə agentliyin bəzi əməkdaşlarına fəxri diplommükafatlar təqdim olunub.