Beynəlxalq miqyaslı “Böyük İpək yolu”nun tərkib hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası uğurla davam etdirilərək yekunlaşdırılır.
Tikinti işləri magistral avtomobil yolunda vətəndaşların rahat və maneəsiz hərəkəti dayandırılmadan, “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında keyfiyyətlə aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov yolun tikintisi işləri ilə yerindəcə tanış olur, tikintinin vaxtında və keyfiyyətlə yerinə yetirilib yekunlaşdırılması ilə bağlı tövsiyə və tapşırıqlarını verir.
Yol boyu işlərin fiziki tərəqqisi 80% təşkil edir. Tikinti işlərinin cari ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.
Layihəyə əsasən yolun ümumi eni 27.5 metrdir. Hər birinin eni 3.75 metr olmaqla 4-6 hərəkət zolağından ibarət yolun örtüyü polimer asfalt-beton olacaq. Yol yatağının qalınlığı ümumilikdə 72.5, asfalt-beton örtüyü 3 lay olmaqla, qalınlığı 27 sm təşkil edəcək.
Yol boyu torpaq yatağının tikintisi işləri yekunlaşmaq üzrədir. Layihə üzrə hazırda qaya dolğusu və dənəvər tərkibli əsasın tikintisi, həmçinin suöütürücü boruların, alt keçidlərin və körpülərin inşası işləri aparılır. Buna paralel olaraq qırmadaşlı əsasın tikintisi və asfalt-beton örtüyünün döşənməsi işləri də görülür.
Layihə çərçivəsində 25 yol qovşağı və ötürücüsü, 16 avtomobil körpüsü, 82 yeraltı keçid, 39 düzbucaqlı su keçidi, 574 dairəvi suötürücü boru inşa edilir. Layihə boyu zəruri yerlərdə 84 avtobus dayanacağı quraşdırılacaq. Artıq süni qurğuların inşası istiqamətində işlərin böyük hissəsi yerinə yetirilib.
130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi və sürətin artması ilə vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişi təmin ediləcək. Bundan başqa yol trassası iri yaşayış məntəqələrindən kənar keçməklə layihələndirilib. Bu isə həmin yaşayış məntəqələrində yaşayan əhalinin və yoldan istifadə edən sürücülərin təhlükəsizliyi baxımından önəmlidir.
Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycandan keçən tərkib hissəsi olmaqla, Avropa-Asiya və Yaxın Şərq ölkələri ilə, həmçinin respublika ərazisində bu istiqamətdə əlaqələrin inkişafında mühüm rol oynayır.
Layihə tam reallaşdırıldıqdan sonra şərqdən qərbə və əks istiqamətdə “Böyük İpək yolu”nun Azərbaycandan keçən hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu Avropa ilə Asiya arasında avtomobillə beynəlxalq və daxili yükdaşımaların artmasında önəmli rol oynayacaq. Bundan başqa yolun tikintisi kənd təsərrüfatı, turizm və sənayenin inkişafına gətirib çıxarmaqla yol boyu yaşayan əhalinin sosial həyatına da müsbət təsir göstərəcək.
YOLUNUZ AÇIQ OLSUN...