Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Nəsimi rayonu ərazisində təmirə ehtiyacı olan küçələrdə müvafiq işlər davam etdirilir. Azərbaycan Avtomobil Yolları Dövlər Agentliyi tərəfindən rayon ərazisində hazırda ümumi uzunluğu 1161 metr olan 4 küçədə təmir işləri aparılır.
Bu, uzunluğu 360 metr, eni ortalama 9 metr təşkil edən Nəcəf bəy Vəzirov, 220 metr uzunluğa və 8 metr enə malik Hüseynqulu Sarabski, uzunluğu 286 metr, eni 10 metr olan Mərdanov qardaşları, həmçinin uzunluğu 295 metr, eni 10 metr olan Ağadadaş Qurbanov küçələridir.
Aparılan işlər çərçivəsində Nəcəf bəy Vəzirov, Hüseynqulu Sarabski və Mərdanov qardaşları küçələrinin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənib, yol yatağının yararsız qruntu qazılaraq kənarlaşdırılıb, əvəzinə yararlı qrunt tökülərək kipləşdirilib, yararsız səki daşları sökülərək yeni səki daşları ilə əvəz edilib, ardınca isə asfaltlanma işləri icra olunub.
Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətinin təşkili üçün küçələrin bəzi hissələrində parklanma yerləri təşkil edilib, üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb və bu çərçivədə işlər davam etdirilir.
Hazırda təmir işləri Nəsimi rayonu Ağadadaş Qurbanov küçəsinin Məhəmməd Naxçıvani və Abbasqulu ağa Bakıxanov küçələri arasında yerləşən hissəsində davam etdirilir.
Uzunluğu 295 metr, eni ortalama 10 metr təşkil edən küçənin sözügedən hissəsində köhnə asfalt-beton örtüyü yenilənir. Artıq işlər son mərhələ üzrə icra olunur.
YOLUNUZ AÇIQ OLSUN...