Baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması VİDEO

4 Aprel 2022- 11:09

Küçə və prospektlərdə təmir və yenidənqurma işləri həyata keçirilərkən yolun hərəkət hissəsində yerləşən kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması prosesi bəzən birmənalı qarşılanmır. Bəzi şəxslər məlumatsızlıqdan yolun hərəkət hissəsinə yeni asfalt-beton örtüyü döşənəndən sonra icra olunan bu iş prosesinin "yaddan çıxmış və sonradan xatırlanaraq edilən iş" olduğunu düşünürlər.

Əslində isə bu proses texnoloji ardıcıllığa riayət olunmaqla icra edilir və hər-hansı bir səhvdən söhbət getmir.

 

Belə ki, təmir və yenidənqurma işləri zamanı öncə yolun hərəkət hissəsində köhnə asfalt-beton örtüyünün üst qatı (aşınma qatı) frezlənərək kənara daşınır, kommunikasiya xətlərinin baxış qapaqlarının ətrafı köhnə asfalt-betondan təmizlənir. Daha sonra yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılır. Bu zaman köhnə baxış qapaqlarının üzəri də asfaltlanır və sonradan yerini müəyyənləşdirmək üçün asfalt-beton örtük boya ilə nişanlanır

Yeni döşənmiş asfalt-beton örtük möhkəmləndikdən sonra baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması prosesinə başlanılır. Ərazidə hərəkət intensivliyi, həmçinin işi icra edən təmir briqadasının iş qrafiki nəzərə alınmaqla işin icrasına yeni asfalt-beton örtük döşənəndən bir-neçə saat və ya bir-neçə gündən sonra başlanıla bilər.

Bu zaman öncədən yeri nişanlanan baxış qapaqlarının ətrafı kvadrat şəklində xüsusi alətlə səliqə ilə kəsilirasfalt örtük çıxarılır. Daha sonra kommunikasiya xətlərinin dəmir-beton plitələri layihə hündürlüyünə qaldırılır, baxış qapaqları yerinə qoyulur və kənarları betonlanır.

Beton tam quruduqdan sonra isə qazılan ərazi yenidən baxış qapağı ilə eyni səviyyədə olmaq şərti ilə asfaltlanır.

Bununla da kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması prosesi bitir.

YOLUNUZ AÇIQ OLSUN...