Maştağa-Bilgəh avtomobil yolunun tikintisi işlərinə başlanılıb - VİDEOREPORTAJ

29 Mart 2016- 00:00
11 Maştağa-Bilgəh avtomobil yolunun tikintisi işlərinə başlanılıb - VİDEOREPORTAJ

         

          63 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Bakı şəhəri Sabunçu rayonunun Maştağa-Bilgəh avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən sözügedən avtomobil yolunun tikintisi işlərinə başlanılıb.

 

          Tikinti işlərinə Bilgəh qəsəbəsi, sahilyanı ərazidən Maştağa qəsəbəsi istiqamətinə doğru start verilib.

 

          Tikinti işlərinin aparıldığı ərazilərdə hissə-hissə avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılır. 

 

          Xeyli müddətdir ki, baxımsız vəziyyətdə olan yolun ümumi uzunluğu 9 km, hərəkət hissəsinin eni isə 7 m-dir. Tikinti işləri çərçivəsində yolun eni 9 m-ə qədər genişləndirilir. Bundan başqa yol boyu zəruri olan yerlərdə yol yatağının deformasiyaya uğramış hissələri qazılaraq çıxarılır, yeni yol yatağı salınır.

 

          Tikinti işləri çərçivəsində köhnə-asfalt beton örtüyünün üst qatı frez maşınları vasitəsi ilə qaşınaraq ərazidən daşınır. Bunun əvəzinə isə yeni asflat-beton örtüyünün döşənməsi işləri aparılır. Ümumilikdə yol boyu 81 min m2 sahəyə 2 qat olmaqla müasir standartlara cavab verən yeni asfalt-beton örtüyü döşənəcək.

 

          Maştağa-Bilgəh avtomobil yolunun kənarlarına 18 min p/m yeni səki daşlarının düzülməsi, həmçinin zəruri olan yerlərdə 2-3 metr enində piyada səkilərinin tikintisi işləri də aparılır. Yolda işıqlandırma sisteminin də qurulması nəzərdə tutulub. Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaq.

 

          Ümumiyyətlə avtomobil yolunun yenidən qurulması ilə avtonəqliyyat vasitələrinin yeni tikilən Dənizkənarı Dairəvi yoluna və əksinə rahat və maneəsiz çıxışı təmin olunacaq.

 

          Qeyd edək ki, bütün işlər “Azəravtoyol” ASC rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə aparılır və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.