Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 21-də Şuşa rayonunun Daşaltı kəndində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun və bu yolun üzərindəki tunellərin inşası ilə tanış olub.
İşğaldan azad olunmuş ərazilərin bərpasını öz maliyyə imkanları hesabına həyata keçirən Azərbaycan bu sahədə də öz standartlarını yaradıb. Mina problemi, eyni zamanda, pandemiyanın yaratdığı çətinliklərə rəğmən, bərpa və yenidənqurma işləri bütün istiqamətlər üzrə sürətlə və planlı şəkildə aparılır.
Dövlətimizin başçısı Şuşa rayonunun Daşaltı kəndində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun və bu yolun üzərindəki tunellərin inşası ilə tanış oldu.
Qeyd edək ki, Qarabağın dirçəlişinə aparan Böyük Qayıdış proqramının əsas tərkib hissələrindən biri yol infrastrukturunun qurulmasıdır. Şuşaya çəkilən Zəfər yolunun cığırı qəhrəman əsgər və zabitlər tərəfindən açılıb. Hazırda bu yolda işlər davam etdirilir – məqsəd Şuşaya avtomobillə daha tez və rahat çatmaqdır. Cəmi 10 ay əvvəlki vəziyyətlə hazırkı mərhələni müqayisə etdikdə mübaliğəsiz demək olar ki, dünyada bu sürət və keyfiyyətdə görülən işlərə rast gəlmək mümkün deyil.
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun digər önəmi onun Zəngəzur dəhlizinin magistralı ilə birləşməsindədir.
Məlumat verildi ki, yolun uzunluğu 81,6 kilometr, hərəkət zolaqlarının sayı 4-6, hərəkət zolağının eni isə 3,5 metrdir. Yolboyu 7 tunelin tikintisi aparılır. Bir neçə tuneldə qazma işləri artıq tamamlanıb, digərlərində isə qazma, partlatma və qırma üsulları ilə qaya qruntlardan ibarət hissələrin kənarlaşdırılması işləri davam edir. Bundan başqa, tunellərdə havalandırma və izolyasiya sistemləri də quraşdırılır.
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tunellərin inşası ilə yanaşı, yolboyu müxtəlif hissələrdə torpaq yatağının, körpülərin, yeraltı keçid və suötürücü boruların tikintisi də layihəyə uyğun şəkildə icra olunur.
Prezident İlham Əliyev avtomobili tuneldə idarə etdi.
Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan yol-nəqliyyat infrastrukturu işğaldan azad edilən rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.