Yevlax rayonunda Tanrıqulular kənd yolu yenidən qurulub VİDEO/FOTO

27 Aprel 2022- 15:06

Regionların sosial-iqtisadi inkişafına yönəldilən Dövlət Proqramı çərçivəsində vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Yevlax rayonunda Tanrıqulular kənd yolunun yenidən qurulması işlərinin icrası yekunlaşdırılıb.  

 

Başlanğıcını respublika əhəmiyyətli Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 6-cı km-dən götürən Tanrıqulular avtomobil yolunun uzunluğu 5.5 km-dir. Kənd yolu IV texniki dərəcəyə uyğun yenidən qurulub. 

2 hərəkət zolaqlı olan yola 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir.  

Uzun illər təmir olunmadan istismar olunan olan yolda xüsusən payız-qış aylarında istər avtonəqliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində bir sıra problemlər yaşanırdı. Yenidənqurma işləri ilə sadalanan problemlər artıq geridə qalıb. 

Tikinti işləri çərçivəsində müxtəlif həcmdə yol yatağının 10 metrə qədər genişləndirilməsi işləri aparılıb, qazma-dolma və kipləşdirmə işləri görülüb, yeni yol yatağı inşa edilib.

Layihə çərçivəsində əkin sahələrinin suvarılması üçün ümumilikdə 224 p/metr olmaqla, müxtəlif diametrlərdə suötürücü boruların tikintisi, həmçinin mövcud boruların bərpası işləri aparılıb.

Daha sonra “İnşaat Norma və Qaydaları”na əsasən yol əsasının tikintisi yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Ümumilikdə yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib.

Layihəyə uyğun zəruri olan yerlərdə yol nişanı və məlumatverici lövhə, avtobus dayanacaqları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılaraq yeni və müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə verilib. 

Sözügedən yol kəndin girişini, sakinlərin ən çox istifadə etdiyi mərkəzi hissəsini, inzibati idarələr və orta məktəb yerləşən küçələri, həmçinin yeni salınmış yaşayış məhəllələrini əhatə etdiyi üçün aparılmış yenidənqurma işləri 2800 nəfər əhalinin yaşadığı yaşayış məntəqəsinə qədər rahat gediş-gəlişi təmin edəcək, kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcək.

YOLUNUZ AÇIQ OLSUN...