Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsinin əsaslı təmirinə başlanılıb VİDEO/FOTO

28 Aprel 2022- 13:54

2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Nəsimi rayonunda 1440 metr uzunluğa malik Cəlil Məmmədquluzadə küçəsinin əsaslı təmirinə başlanılıb. Küçənin ortalama eni 10 metr təşkil edir.

Hazırda küçəboyu zəruri olan yerlərdə piyada səkilərinin bərpası, yarasız səki daşlarının yenilənməsi işləri aparılır. Bu istiqamətdə 1200 p/metr uzunluğunda köhnə səki daşları 1700 p/metr yenisi ilə əvəzlənib.

Ardıcıllığa uyğun olaraq təmir işləri çərçivəsində küçə boyunca köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınması, səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sisteminin bərpası nəzərdə tutulub.

“İnşaat Norma və Qaydaları”na uyğun olaraq daha sonra küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi, avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin, piyada zolaqlarının çəkilişi işləri aparılacaq, zəruri yerlərdə yol nişanları quraşdırılaraq küçə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək. 

Hazırda təmir işləri rayonun İlqar İsmayılov (282m) və Nəcəf bəy Vəzirov (122 metrlik hissəsində)  küçələrində də davam etdirilir. Bununla yanaşı, ümumi uzunluğu 1130 metr olan Mirəsədulla MirqasımovNəsib bəy Yusifbəyli küçələrinin də təmiri nəzərdə tutulub. 

Qeyd edək ki, agentlik tərəfindən cari il ərzində Nəsimi rayonu ərazisində ümumi uzunluğu 1521 metr olan Nəcəf bəy Vəzirov (360m), Hüseynqulu Sarabski (220m), Mərdanov qardaşları (286m), Ağadadaş Qurbanov (295 m) və Mustafa bəy Topçubaşov (360m) küçələrində də təmir işləri aparılıb.

2021-ci ildə isə “İnvestisiya Proqramı”na uyğun olaraq Nəsimi rayonu ərazisində 6.4 km uzunluğa malik küçələrdə təmir işləri icra olunub.

YOLUNUZ AÇIQ OLSUN...