Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 18-ci km-dən ayrılan və 3.8 km uzunluğa malik torpaq örtüklü Aşağı Güzdək avtomobil yolu uzun müddət istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir edilmədiyindən hərəkətdə problemlər yaradırdı. Problemlərin aradan qaldırılması, ərazidə yaşayan 11 min əhalinin rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işlərinə başlanılıb.
Avtomobil yolu 2 hərəkət zolaqlı və 10 metr enində olmaqla yenidən qurulur.
Yolun böyük hissəsi torpaq, bir hissəsi isə deformasiyaya uğramış asfalt örtüyündən ibarət idi. Yenidənqurma işləri çərçivəsində örtük sökülüb, torpaq yatağının yararsız hissələri qazılaraq çıxarılıb. Yeni torpaq yatağının və yol əsasının inşası aparılıb. Yolboyu zəruri yerlərdə piyada səkiləri inşa edilib, səkilərin kənarlarına yeni səki daşı düzülüb.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yolun asfaltlanması işlərinə start verilib və asfalt-beton örtüyünün alt layı artıq döşənib. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Sonuncu mərhələdə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yolboyu zəruri yerlərdə yol nişanları quraşdırılacaq, yolun üfüqi nişanlanma xətləri çəkilərək yol yeni və müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
YOLUNUZ AÇIQ OLSUN...