Cəlilabad rayonunda 14 yaşayış məntəqəsini əlaqələndirən yollar yenidən qurulur VİDEO/FOTO

31 May 2022- 11:17

Müasir və rahat yol infrastrukturu həm də sənaye, kənd təsərrüfatı və turizmin inkişafına təkan verir. Bu istiqamətdə icra olunan layihələr sırasında hazırda Cəlilabad rayonunda 14 yaşayış məntəqəsini birləşdirən kəndlərarası avtomobil yolları əsaslı şəkildə yenidən qurulur. İşlər sürətlə və keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən davam etdirilir.

Ümumi uzunluğu 36.2 km, eni ortalama 10 metr olan yolların örtüyü əsasən torpaq əsaslı olub. Bu üzdən kəndlərarası yollar nəqliyyatın və vətəndaşların rahat hərəkətində problemlərə səbəb olurdu.  

Cəlilabadın Təklə-Abazallı, Təklə-Şorbaçı-Mədətli-Novruzallı-Şötüklü-Bayxanlı-Məlikqasımlı, Şötüklü-Dostallı-Məşədilər-Məmmədrzalı-Şorbaçı, Şiləvəngə-Adnalı-Bədirli marşrutu üzrə kəndlərarası avtomobil yollarını əhatə edən layihə üzrə:

- Uzunluğu 5.5 km olan Şiləvəngə-Adnalı-Bədirli yolu hissəsində torpaq işləri və suötürücü boruların quraşdırılması artıq yekunlaşıb. Hazırda yol əsasının alt layının tikintisi aparılır. 

- 2.5 km-lik Təklə-Abazallı, 28.2-km uzunluğa malik Təklə-Şorbaçı-Mədətli-Novruzallı-Şötüklü-Bayxanlı-Məlikqasımlı Şötüklü-Dostallı-Məşədilər-Məmmədrzalı-Şorbaçı kənd yollarının 20 km-lik hissəsində isə torpaq işləri yerinə yetirilib, hazırda suötürücü boruların inşası davam edir. 

Yolun Təklə kəndi ərazisdə yerləşən mövcud 54 metrlik 3 aşırımlı körpü də layihə üzrə təmir olunur.  

Sözügedən yollarda işlər “İnşaat Norma və Qaydaları”na əsasən, texnloji ardıcıllığa riayət olunmaqla keyfiyyətlə aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunub. 

Tikinti layihəsinin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının  quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılacaq. 

Beləliklə, IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yollar bundan sonra ərazidə yaşayan 14 mindən artıq əhalinin rahat  gediş-gəlişini təmin edəcək, yük və sərnişin daşımasını asanlaşdıracaq.  

YOLUNUZ AÇIQ OLSUN...