Biləsuvar rayonunun Əliabad-Xırmandalı-Bəydili avtomobil yolu yenidən qurulur VİDEO/FOTO

1 İyun 2022- 14:23

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 2022-ci il üçün tərtib etdiyi tədbirlər planına uyğun, rahat gediş-gəlişin təmin olunmasını, kənd təsərrüfatının inkişafını hədəfləyən yol infrastrukturu layihələrini icra edir. Onlardan biri də Biləsuvar rayonunun Əliabad-Xırmandalı-Bəydili avtomobil yoludur. 

Uzunluğu 11 km təşkil edən Əliabad-Xırmandalı-Bəydili avtomobil yolunun eni 6 metrdir IV texniki dərəcəyə uyğun olaraq bərpa edilir.  

Uzun illər istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir olunmayan yol çınqıl örtükdən və torpaq əsasdan ibarət idi.  Bu səbəbdən yolda əmələ gələn çalalar, çökmələr, qabarmalar nəqliyyatın hərəkətində, ən əsası 4 yaşayış məntəqəsinin 19 mindən çox əhalisinin yoldan istifadəsində çətinliklər yaradırdı.  

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən qeyd olunan problemin aradan qaldırılmasına hesablanmış layihə çərçivəsində yolun deformasiyaya uğramış hissələri yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı karxana çınqılı materialı tökülərək torpaq yatağının bərpası, əks-dolğu və kipləşdirmə işləri aparılır. 

Tikinti norma və standartlarına uyğun olaraq, növbəti mərhələ üzrə qum-çınqıl və optimal-qırmadaş qarışıqlarından istifadə olunmaqla yol əsasının alt və üst layının inşa edilir. Artıq yolun 3 km-lik hissəsində sadalanan işlər yekunlaşdırılaraq 2 qat, yolun 2 km-lik hissəsində isə 1 qat asfalt-beton örtüyü döşənib.  

Tikinti zamanı 63 mövcud suötürücü borunun bərpası aparılıb. Layihə üzrə Balhari çayı üzərində uzunluğu 10, eni 9 metr və yolun 5-ci km-də uzunluğu 20, eni 2.50 metr olmaqla 2 ədəd  suötürücü qurğu tikilib. 

Layihənin sonuncu mərhələsində km göstəricisi, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi ilə sözügedən yollarda müasir yol infrastrukturu yaradılacaq və vətəndaşlarımızın istifadəsinə veriləcək. 

Sözsüz ki, avtomobil yolunun yenidən bərpası ərazidə yaşayan əhalinin daha rahat rahat gediş-gəlişini təmin edərək yük və sərnişin daşımasını asanlaşdırmaqla iqtisadiyyatın daha da inkişafına müsbət təsir göstərəcək.

YOLUNUZ AÇIQ OLSUN...