5.2 km-lik Qala-Şüvəlan yolunun 1.2 km-lik hissəsində yenidənqurma işləri tamamlanıb VİDEO/FOTO

7 İyun 2022- 13:12

2022-ci ilin “İnvestisiya Proqramı” çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Xəzər rayonunda Qala-Şüvəlan qəsəbələrarası avtomobil yolunun yenidən qurulması işləri davam etdirilir. 

Qala-Pirallahı avtomobil yolunun 8-ci km-dən başlayaraq Şüvəlan qəsəbəsinə qədər uzanan Qala-Şüvəlan avtomobil yolunun uzunluğu 5.2 km, hərəkət hissəsinin eni isə ortalama 9 metr təşkil edir.   

Aparılan yenidənqurma işləri çərçivəsində yolboyu frezlənmə, zəruri yerlərdə yararsız qruntun qazılaraq çıxarılması, əks-dolğu işləri icra olunaraq yeni yol yatağı salınması, yol əsasının inşası və 2 qat olmaqla asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.

Artıq yolun 1250 metrlik hissəsində sadalanan işlər yekunlaşıb. 

Digər hissələrdə isə layihə ardıcıllığına uyğun şəkildə yenidənqurma işləri davam edir. Belə ki, layihəyə əsasən hər birinin eni 3.75 metr olmaqla 2 hərəkət zolağından ibarət olacaq yolda 1-1.5 metr enində çiyinlərin, 1800 metr yeni səki daşlarının tikintisi, 2745 kv.m səkinin bərpa olunması işləri də daxildir.

Bundan başqa, yolboyu avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işlərinin aparılması, zəruri yerlərdə yol nişanlarının quraşdırılması, yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının yenilənməsi və layihə hündürlüyünə qaldırılması, həmçinin yeni yağış barmaqlıqlarının quraşdırılması da nəzərdə tutulub. 

Qeyd edək ki, cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Xəzər rayonun Mərdəkan, Binə, Buzovna, Qala və Zirə qəsəbələri ərazisində ümumi uzunluğu 26.5 km küçə və yolun təmiri nəzərdə tutulur ki, artıq bu istiqamətdə bir müddətdir Agentlik tərəfindən müvafiq işlərə start verilib.

2021-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq isə rayonun Binə, Buzovna və Qala qəsəbələrində ümumi uzunluğu 16.3 km olan küçə və yolların təmiri icra olunub. 

Təbii ki, təmiri aparılan və nəzərdə tutulan küçələr Xəzər rayonunda vətəndaşların əsas istifadə etdiyi ərazilər olduğu üçün gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarır.

YOLUNUZ AÇIQ OLSUN...