Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşı, Vətən müharibəsi iştirakçısı, III qrup Qarabağ əlili Qazi Həşim Mədətovun “Qalibiyyətin səkkiz anı” adlı kitabının təqdimat mərasimi keçirilib.
Kitab Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azadlığı uğrunda igidliklə döyüşən, bu yolda canından, qanından keçən övladlarımızın qəhrəmanlığına həsr edilib.
Xatırladaq ki, 21 sentyabr 2020-ci ildən ordu sıralarına qatılan Həşim Füzuli və Xocəvənd rayonlarının işgaldan azad olunmasında yaxından iştirak etmiş, oktyabr ayının 4-də düşmənlə döyüşdə 2 snayper gülləsinə tuş gələrək sağ çiyin və sağ kürək nayihəsindən yaralanmış, şücaətinə görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamına əsasən “Füzuli və Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Nəşrin müəllifi kitabı yazmaqda məqsədinin gördüyü, şahidi olduğu real hadisələri vərəqə köçürərək əbədiləşdirmək olduğunu diqqətə çatdırıb. “Hadisələr, əsasən 2020-ci il sentyabrın 21-dən oktyabrın 4-dək baş verənləri əhatə edir. Ümumilikdə, kitabda 44 günlük şanlı Zəfərimizdən bəhs olunur”, - deyə müəllif qeyd edib.
Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müavini Vahid Abdurəhmanov, Birliyin Nəsimi rayon şöbəsinin sədri polkovnik Elmar Hüseynov, yazıçı-publisist Oktay Əliyev və digər çıxışçılar kitab haqqında fikirlərini bölüşüblər.
Sonra fəxri fərman və mükafatlar təqdim olunub.