Cəlilabadda 14 yaşayış məntəqəsini birləşdirən yollar yenidən qurulur VİDEO/FOTO

4 İyul 2022- 10:28

Ölkə ərazisində  müasir yol infrastrukturunun yaradılması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan genişmiqyaslı layihələr sırasında hazırda Cəlilabad rayonunda 14 yaşayış məntəqəsini birləşdirən kəndlərarası avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması sürətlə və keyfiyyətlə davam etdirilir.

Ümumi uzunluğu 36.2 km, eni ortalama 10 metr olan yolların örtüyü əsasən torpaq əsaslı olub. Bu səbəbdən, kəndlərarası yollar nəqliyyatın və vətəndaşların rahat hərəkətində problemlərə səbəb olurdu.  

Cəlilabadın Təklə-Abazallı, Təklə-Şorbaçı-Mədətli-Novruzallı-Şötüklü-Bayxanlı-Məlikqasımlı, Şötüklü-Dostallı-Məşədilər-Məmmədrzalı-Şorbaçı, Şiləvəngə-Adnalı-Bədirli marşrutu üzrə kəndlərarası avtomobil yollarını əhatə edən layihə çərçivəsində:

- Uzunluğu 5.5 km olan Şiləvəngə-Adnalı-Bədirli yolu hissəsində torpaq işləri, suötürücü boruların quraşdırılması, yol əsasının tikintisi yekunlaşıb. Sözügedən hissədə növbəti mərhələ üzrə asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. Artıq yolun 4.5 km-lik hissəsində asfaltlanma işləri yerinə yetirilib.

- 2.5 km-lik Təklə-Abazallı hissəsində torpaq işləri yekunlaşıb, hazırda yol əsasının alt layının tikintisi aparılır. 

- 28.2-km uzunluğa malik Təklə-Şorbaçı-Mədətli-Novruzallı-Şötüklü-Bayxanlı-Məlikqasımlı Şötüklü-Dostallı-Məşədilər-Məmmədrzalı-Şorbaçı kənd yollarının 20 km-lik hissəsində isə torpaq işləri və suötürücü boruların inşası yerinə yetirilib. 

Yolun Təklə kəndi ərazisində yerləşən mövcud 54 metrlik 3 aşırımlı körpünün layihə üzrə nəzərdə tutulan təmiri yekunlaşıb.  

Sözügedən yollarda işlər “İnşaat Norma və Qaydaları”na əsasən, texnoloji ardıcıllığa riayət olunmaqla keyfiyyətlə aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunub. 

Tikinti layihəsinin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının  quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılacaq. 

Beləliklə, IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yollar bundan sonra ərazidə yaşayan 14 mindən artıq əhalinin rahat  gediş-gəlişini təmin edəcək, yük və sərnişin daşımasını asanlaşdıracaq.  

 

YOLUNUZ AÇIQ OLSUN...