Əli Əsədov və Samir Nuriyev işğaldan azad olunmuş ərazilərə səfər edib

5 İyul 2022- 19:16

Baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığı altında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti işğaldan azad olunmuş ərazilərə səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, iyulun 5-də Baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığı altında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət heyətin işğaldan azad olunmuş ərazilərə növbəti səfəri baş tutub.

Baş nazir və Prezident Administrasiyasının rəhbərinin başçılıq etdiyi heyət əvvəlcə Tərtər rayonunun Suqovuşan qəsəbəsində Vətən müharibəsi şəhidlərinin şərəfinə ucaldılmış abidəni ziyarət edib, abidə önünə əklil qoyulub.

Heyətin üzvləri, səfər zamanı Bərdə-Ağdam, Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası avtomobil yollarının tikintisi işləri ilə  də tanış olublar. Görülən işlər barədə  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov məruzə edib.

Səfərin sonunda Baş nazir və Prezident Administrasiyasının rəhbərinin başçılıq etdiyi heyət Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə tanış olublar.

Səfər müddətində baxış keçirilən bütün yenidənqurma və bərpa işlərinin, habelə infrastruktur layihələrinin Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun yerinə yetirilməsi istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq göstərişlər və tövsiyələr verilib.