Bakı-Şamaxı-Yevlax avtomobil yolunda piyada keçidi istifadəyə verilib VİDEO/FOTO

8 İyul 2022- 14:10

Prezident İlham Əliyevin vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.

Agentlik tərəfindən avtomobil yollarında piyadaların təhlükəsizliyini təmin etmək məqsədi ilə intensiv hərəkətin olduğu ərazilərdə yeraltı və yerüstü piyada keçidlərinin inşası istiqamətində icra olunan bu tədbirlər çərçivəsində daha bir layihə yekunlaşıb. Belə ki, M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 14.9-cu  kilometrliyində inşa olunan yerüstü piyada keçidi vətəndaşların istifadəsinə təqdim olunub. 

Keçidin istifadəyə verilməsi mərasimində  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev,  Abşeron Rayon İcra Hakimiyyətinin başçısı  Abdin Fərzəliyev və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Yol Patrul Xidməti Alayının komandiri polis polkovniki Fuad Mayılov  iştirak ediblər.

Qeyd edək ki, sözügedən ərazidə piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə 2021-ci ilin əvvəlindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yerüstü piyada keçidinin layihələndirilməsi, 2021-ci ilin mart ayından isə keçidinin tikinti işlərinə başlanmışdır.

Piyada keçidinin tikintisi layihəsi çərçivəsində tikinti sahəsinə düşən kommunikasiya xətlərinin köçürülməsi, yolun hər iki tərəfində yeni avtobus ciblikləri, iki ədəd avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün bir ədəd nəzarət otağının tikintisi işləri, həmçinin piyada keçidinin ətrafı üzrə tam şəkildə abadlaşdırılma işləri görülmüşdür.

İki giriş-çıxışdan ibarət piyada keçidi orta dayaqsız metal konstruksiyalıdır, ümumi uzunluğu 40.5 metr, aşırım hissəsinin uzunluğu 34.5 metr, eni 3.5 metr, pilləkənlərin eni 3.0 metr yol səviyyəsindən hündürlüyü 5.5 metr təşkil edir.

Keçiddə fiziki məhdudiyyətli şəxslərin rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılıb. Həmçinin videomüşahidə qurğuları quraşdırılıb ki, bu da fasiləsiz nəzarətə imkan yaradır.

Bildirək ki, M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 18.5, 20, 21.5 və 25-ci km-lik hissələrində də yüngül konstruksiyalı keçidlər inşa edilir. Tikinti işlərinin cari il ərzində başa çatdırılması nəzərdə tutulur.

Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.

YOLUNUZ AÇIQ OLSUN...