Sabunçu rayonunda yerləşən dairədə və dairə ətrafında təmir-bərpa işləri aparılır - FOTO

19 Aprel 2016- 00:00
11 Sabunçu rayonunda yerləşən dairədə və dairə ətrafında təmir-bərpa işləri aparılır - FOTO

                Sabunçu rayonu Rüstəm Rüstəmov və Ramiz Gəmbərov küçələrinin kəsişməsində yerləşən dairədə və dairə ətrafında təmir-bərpa işləri həyata keçirilir.

 

                Mövcud dairənin diametri kiçildilərək kənarlarında olan köhnə səki daşları sökülərək yeniləri ilə əvəzlənib, dairənin içərisinə qazon otu əkilib.

 

               Dairənin diametrinin kiçildilməsi və yol kənarlarının müəyyən hissələrdə genişləndirilməsi nəticəsində yolun hərəkət hissəsi ümumilikdə 2-5 metr arası genişləndirilib.

               

                Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə yol kənarlarında olan mövcud piyada səkiləri bərpa edilərək, 200 m2 ərazisi asfaltlanıb. Ümumilikdə dairənin və piyada səkilərinin kənarlarına 150 paqon metr yeni səki daşları düzülüb. Zəruri olan yerlərdə yol əsası qazılaraq çıxarılıb və karbonat materialı tökülərək yenidən kipləşdirilib.

 

                Bundan başqa dairənin ətrafında olan yolun köhnə asfalt-beton örtüyünün yenilənməsi istiqamətində də işlər aparılacaq. Asfalt-beton örtüyünün üst qatı frezlənərək, kənara daşınacaq. Daha sonra isə yolun hərəkət hissəsinin təqribən 7500 m2  ərazisinə 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.

 

                İşlər tərtib olunmuş qrafikə uyğun aparılır və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

 

                Təmir-bərpa işləri ilə əlaqədar yaranan narahatlığa görə vətəndaşlardan üzr istəyirik.