Yasamal rayonunda Zivərbəy Əhmədbəyov küçəsi təmir edilir VİDEO/FOTO

26 İyul 2022- 13:59

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq,Yasamal rayonunda Zivərbəy Əhmədbəyov  küçəsi təmir edilir.

Küçənin uzunluğu 1000, ortalama eni 15  metr təşkil edir. 

Aparılan işlər çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması icra olunur.

Təmir işləri zamanı mövcud piyada səkilərinin bərpası, yeni yağış barmaqlıqlarının, həmçinin yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələrinin qaldırılaraq yeni baxış qapaqlarının qoyulması da nəzərdə tutulub. 

Yenidənqurma işlərinin son mərhələsində küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunaraq vətəndaşların istifadəsinə veriləcək.  Ardıcıllığa uyğun şəkildə təmir işləri rayon üzrə Tbilisi prospekti və Seyfəddin Dağlı küçəsində də aparılacaq.

Qeyd edək ki,cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Yasamal rayonunda ümumi uzunluğu 6 km təşkil edən 5 küçənin təmiri nəzərdə tutulub. Artıq II Alatavanın daxili yolları və Ələsgər Ələkbərov küçəsinin təmiri yekunlaşıb.

 

YOLUNUZ AÇIQ OLSUN...