Uzun müddətdir ki, təmir olunmadığı üçün yolun hərəkət hissəsi sıradan çıxmış Qəbələ rayonu Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolu əsaslı təmir edilir.
Respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 52-ci kilometrliyindən ayrılan yerli əhəmiyyətli Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun təmiri “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yüksək keyfiyyətlə aparılır.
İki hərəkət zolağından ibarət olan avtomobil yolunun uzunluğu 11 kilometr, eni 5 metrdir, torpaq yatağının eni isə ərazilərdən asılı olaraq 7-10 metr arası dəyişir. Aparılan işlər çərçivəsində zəruri olan yerlərdə yolun hərəkət hissəsinin eni 6 metrə qədər genişləndirilib. Hər iki istiqamət üzrə mövcud çiyinlər bərkidilib, zəruri olan yerlərdə yeni çiyinlər qurulub.
Əsaslı təmir işləri zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, karbonat materialı tökülərək yenidən kipləşdirilib. Köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, yolun hərəkət hissəsi yeni asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilib. Hazırda yol boyu hamarlayıcı və aşınma qatlarının döşənməsi işləri həyata keçirilir. Ümumilikdə yolun 55 min m2 – dən çox ərazisinə yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.
Aparılan kompleks tədbirlər zamanı avtomobil yolunun altından suların ötürülməsi üçün nəzərdə tutulmuş və dağılmış suötürücü borular yeniləri ilə əvəzlənib, yeni su keçidi inşa olunub.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinin nəzarəti altında aparılan işlər çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaq.
Qeyd edək ki, yolun əsaslı təmir olunması bölgədə turizm və kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq. Bundan başqa Qəbələ rayonunun 3 yaşayış məntəqəsinin 7 min nəfərə yaxın əhalisinin gediş-gəlişi xeyli rahatlaşmaqla Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yoluna maneəsiz şəkildə çıxış təmin olunacaq, həmçinin insanların öz məhsullarını rahat şəkildə rayon mərkəzlərinə daşıması mümkün olacaq.