Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhəri, Yasamal rayonunda Zivərbəy Əhmədbəyov küçəsində təmir işləri icra olunur.
Təmir sözügedən küçənin Salatın Əsgərova və Abbasquluağa Bakıxanov küçəsinədək olan hissəsində aparılır. Küçənin uzunluğu 1000 metr, ortalama eni isə 15 metr təşkil edir.
Aparılan işlər çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınıb. Ardınca küçə boyu yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Təmir işləri zamanı mövcud piyada səkilərinin bərpası, yeni yağış barmaqlıqlarının, həmçinin yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələrinin qaldırılaraq yeni baxış qapaqlarının qoyulması işləri də icra olunur.
Təmir işlərinin son mərhələsində küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunaraq vətəndaşların istifadəsinə veriləcək.
Ardıcıllığa uyğun şəkildə təmir işləri rayon üzrə Tbilisi prospekti və Seyfəddin Dağlı küçəsində də aparılacaq.
Cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Yasamal rayonunda ümumi uzunluğu 6 km təşkil edən 5 küçənin təmiri işləri icra olunur. Bu çərçivədə artıq II Alatavanın 2 km uzunluğa malik daxili yolları və 860 metr uzunluğunda olan Ələsgər Ələkbərov küçəsinin təmiri yekunlaşıb.
Xatırladaq ki, 2021-ci ildə Yasamal rayonunda ümumi uzunluğu 3.5 km olan küçələrdə təmir işləri aparılıb.
YOLUNUZ AÇIQ OLSUN...