Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan yol infrastrukturu layihələrindən biri olan Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun tikintisi işləri sürətlə davam etdirilir.
Başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Cəbrayıl rayonu Şükürbəyli kəndindən keçən hissəsindən götürməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinə qədər uzanan yolun uzunluğu 39.7 km-dir.
Avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Yolun hərəkət hissəsi 14 metr təşkil edir.
Yolboyu 30 km-lik hissədə I texniki dərəcəyə uyğun 21.5 metr enində yol yatağının və yol əsasının inşası icra olunub, 20 km-lik hissəsində isə asfalt-beton örtüyünün döşənməsi işləri yekunlaşıb.
Yolun qalan təqribən 9 km-lik hissəsində isə normativ en alınaraq yol yatağı tikilib, 700 metr hissəsində qaya tipli süxurlar mexanizmlə kəsilməsi, həmçinin çətin relyefə malik dağlıq ərazidən keçən yolun layihə eninin alınması üçün dağların partladılması üsulu ilə yeni yol yatağının inşası davam etdirilir.
Layihə üzrə suların ötürülməsini təmin etmək məqsədi ilə nəzərdə tutulan 37 dairəvi boru, 9 düzbucaqlı su keçidi, yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədilə 7 yolaltı keçid və ehtiyat keçidləri üzrə tikinti işləri sona çatdırılıb.
Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 2, 19, 20, 27, 31 və 39-cu km-lik hissələrində 6 avtomobil körpüsünün inşası da layihə üzrə icra olunur. Artıq 2, 19, 20 və 39-cu km-də inşa olunan körpülərin inşası, həmçinin yolun 8 km hissəsində beton baryerlərin tikintisi yekunlaşıb.
Tikinti işləri “İnşaat Norma və Qaydaları” nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir. Yolun tikintisinin 2023-cü il ərzində yekunlaşdırılması planlaşdırılır.
Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla sözügedən rayonların 20-ə yaxın yaşayış məntəqəsini əhatə edir.
BÜTÜN YOLLAR QARABAĞA APARIR…